Rusiyadan Ermənistana məhdudiyyət
Rusiya ilə Ermənistan arasında son dövrlər artan siyasi gərginlik iqtisadi münasibətlərdə də özünü göstərməyə başlayıb.
TodayPress TV xəbər verir ki, Rusiya 30 may tarixindən etibarən Ermənistandan bəzi giləmeyvə və təzə tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
TASS agentliyinin yaydığı məlumata görə, qərar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” tərəfindən qəbul olunub.
Məhdudiyyət pomidor, xiyar, bibər, müxtəlif göyərti növləri və çiyələk də daxil olmaqla bir sıra kənd təsərrüfatı məhsullarını əhatə edir.
Qurumun açıqlamasında bildirilib ki, qərarın səbəbi son dövrdə Ermənistandan Rusiyaya göndərilən məhsullarda fitosanitar normaların pozulması hallarının qeydə alınmasıdır. Rusiya tərəfi bunu ölkənin fitosanitar təhlükəsizliyi üçün risk kimi qiymətləndirib.
Rusiya kənd təsərrüfatı bazarının nümayəndələri isə qadağanın daxili bazarda məhsul çatışmazlığı yaratmayacağını, yaranacaq boşluğun digər ixracatçı ölkələr hesabına doldurulacağını bildiriblər.
Türkan İsgəndərli