Tramvaylar geri qayıdır - Tıxaclar azalacaq?
Bakıda yaxın perspektivdə yeni nəqliyyat layihələrinin, xüsusilə tramvay və kanat yolu xətlərinin yaradılması gözlənilir.
Bəs yeni nəqliyyat növləri Bakıda tıxac problemini həll edə biləcək?
Nəqliyyat eksperti Raqif Raufoğlu mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, kanat yolunun tıxac probleminin həllinə ciddi təsiri olmayacaq.

Onun sözlərinə görə, şəhərdə nəzərdə tutulan kanat yolu sisteminin tıxac probleminin həllinə birbaşa təsiri olmayacaq və əsasən turistik məqsədlər daşıyacaq:
"Bu tip kanat yolları daha çox şəhərə gələn qonaqlar üçün maraqlı və alternativ bir xidmət kimi çıxış edir. Nümunə kimi Tiflisdəki funikulyor sisteminə baxsaq, bunun gündəlik sərnişin daşınmasında tıxacların azaldılmasına ciddi təsir etmədiyini görərik".
Ekspert Bakıda tramvay xətlərinin bərpasını isə daha əhəmiyyətli addım kimi qiymətləndirib. Tramvay və elektrik qatarları şəhər nəqliyyatında real yükü azalda biləcək əsas vasitələrdəndir:
"Hövsan istiqamətində elektrik qatarlarının bərpası daha asan olacaq, çünki həmin istiqamətdə dəmir yolu infrastrukturu böyük ölçüdə qorunub saxlanılıb. Lakin Maştağa və Mərdəkan istiqamətlərində vəziyyət daha çətindir. Burada keçmiş xətlərin bir hissəsi sökülüb və bəzi ərazilərdə yaşayış evləri inşa edilib. Buna baxmayaraq, layihələrin həyata keçirilməsi Bakıda nəqliyyat sisteminə ciddi müsbət təsir göstərə bilər. Xüsusilə tramvay və elektrik qatarlarının inkişafı şəhərdə tıxacların azaldılmasına real töhfə verə bilər".
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərovun sözlərinə görə, tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir. 2028-ci ilə qədər istifadəsi baş tutacaq.
Türkan İsgəndərli