"Məhsulu töküb gətirib"- "Bolt"la vətəndaş üz-üzə
"Bolt Food" xidməti ilə bağlı redaksiyamıza şikayət ünvanlanıb.
TodayPress TV xəbər verir ki, şikayətçinin sözlərinə görə, sifariş etdiyi yemək qapısına zədələnmiş və içkisi tamamilə tökülmüş vəziyyətdə çatdırılıb.
Vətəndaş bildirir ki, məhsulu qapının ağzında qəbul edərkən içkinin paketə və ətrafa dağıldığını görüb. O, məsələ ilə bağlı dərhal "Bolt" operatorlarına yazdığını, hətta hadisənin şəkillərini göndərdiyini deyir.
Şikayətçi iddia edir ki, platforma tərəfindən ona “heç bir problem aşkarlanmayıb” cavabı verilib və daha sonra mesajlarına cavab verilməyib:
"Şəkilləri göndərmişəm ki, içki tökülmüş vəziyyətdə gəlib. Buna baxmayaraq, deyirlər problem müşahidə olunmayıb. Moderatorlar da sonradan mesajlara cavab vermirlər".
Onun sözlərinə görə, bu hal artıq ikinci dəfədir təkrarlanır və əvvəlki hadisədə də heç bir kompensasiya təqdim olunmayıb.
Vətəndaş xidmət keyfiyyəti və müştəri dəstəyi ilə bağlı narazılığını ifadə edərək, "Bolt Food" tərəfindən məsələyə aydın münasibət bildirilməsini istəyir.
Mövzu ilə bağlı "Bolt"a sorğu ünvanladıq. Məsələ ilə əlaqədar TodayPress TV-yə bildirilib ki, hadisə araşdırılıb və müştəriyə kompensasiya təmin ediləcək.
Türkan İsgəndərli