Deputat və siyasətçilər niyə həmişə "dildədirlər"?
Cəmiyyət deputat və ictimai-siyasi şəxsləri həmişə diqqətdə saxlayır. İnsanlar onlara baxır, danışır, hərəkətlərini izləyirlər. Həmin şəxslərin davranışları isə insanlarda həm müsbət həm də mənfi fikirlər formalaşdıra bilir. Hər hansı diqqətçəkici söz desələr, dərhal "manşet" olur.
Bəs deputat və siyasətçilər niyə qınaq obyektidirlər?
Birincisi, onlar bizim adımızdan danışırlar. Millət vəkili seçildiyi gün deyir ki, "Mən xalqın səsi olacağam". Yəni bizim problemlərimizi həll etmək üçün səlahiyyət alır. Əgər o, maşınını dəyişdirir, villasını genişləndirir, amma vətəndaşların yolları çuxurlu, evləri qazsız-susuz qalırsa, təbii ki, adamlar qəzəblənir.
İkincisi, güc yəni ad-sandır. Adi adamın bir işi görmək üçün aylarla qaçması, bir vəkilin isə zənglə həll etməsi. Bu fərq insanlarda qıcıq yaradır.
Üçüncüsü, siyasətçilər söz verirlər, problemləri həll edəcəklərini deyirlər. Müəyyən vaxt keçir, amma çox vaxt gözlənilən dəyişiklik olmur.
Dördüncüsü, onlar göz qabağındadır. Media da bunu sevir, çünki oxunur, izlənilir. Sakit və yaxşı iş görən siyasətçilər isə az xəbər olur. Əksinə, qalmaqal, mübahisə və səhvlər daha çox diqqət çəkir. Səhv iş görməsələr də paylaşdıqları şəkilləri, etdiyi hərf səhvləri gözə tez "batır".
Ancaq bütün bunlar onların işlərini yerinə yetirmədiyi mənasına gəlmir. Onlar problemlərlə bağlı çıxış edir, təkliflər irəli sürürlər. Bəzi məsələlərin həlləri üçün isə müəyyən vaxt lazım olur.
Nəticədə, deputat və siyasətçilər diqqət mərkəzindədir, çünki onlar hakimiyyətdədir. Hakimiyyət isə həm cazibədardır, həm də böyük məsuliyyət daşıyır. Xalq da onlardan daha yaxşısını, daha dürüstünü, daha sadəsini gözləyir. Bu qınaqlar bəzən ədalətsiz olur, bəzən isə çox haqlı.
Siyasətçi olmaq asan iş deyil. Ya vicdanla xidmət edəcəksən, ya da hər gün qınaq altında qalacaqsan. Xalq da səhv etmir, sadəcə öz həyatının yaxşılaşmasını istəyir.
Türkan İsgəndərli