Anna Soave: Sülh abstrakt bir anlayış olmaqdan çıxır
“Şəhərlər bərpa prosesinin ən görünən olduğu yerlərdir. Bir ailə yenidən mənzilə çatdıqda, su və elektrik enerjisi geri qayıtdıqda, uşaqlar məktəbə gedə bildikdə və ictimai məkanlar yenidən əlçatan və təhlükəsiz olduqda, sülh artıq abstrakt bir anlayış olmaqdan çıxır. İnsanlar yenidən gələcəyə inana bilirlər”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Sülhsevər İqlim Fəaliyyəti: Kövrək və Münaqişədən Zərərçəkmiş Mühitlərdə Şəhər Həlləri" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave deyib.
Anna Soave, həmçinin şəhərlərdəki infrastrukturun iqlim dəyişikliklərinə və gözlənilməz təbii hadisələrə qarşı dayanıqlı olması zərurətindən bəhs edib:
“Biz infrastrukturumuzu təkcə günəşli günlər üçün deyil, həm də fırtınalara tab gətirə biləcək şəkildə dizayn etməliyik. Bu, bütün dünyada üzləşdiyimiz bir reallıqdır”.
Çıxışının sonunda Anna Soave, öz təcrübəsinə əsaslanaraq, münaqişələrdən zərər çəkmiş ərazilərdə insanların ən böyük istəyinin evlərinə qayıtmaq olduğunu vurğulayıb:
“Mən münaqişələrdən və köçkünlükdən zərər çəkmiş icmalarda bir neçə il işləmişəm. Orada yerli hakimiyyət orqanları ilə birlikdə, evlərini, infrastrukturunu və bazarlarını bərpa etmək istəyən, yalnız öz evlərinə qayıtmağı arzulayan ailələrə dəstək göstərmişik. Onların ən böyük istəyi evlərinə qayıtmaq olur”.
Qiymət Mahir