Rüfət Mahmud: “İçərişəhər yaşayan şəhər olaraq qorunmalıdır”
“İçərişəhər şəhər içində şəhərdir və biz bu müzakirə etdiyimiz çağırışlarla gündəlik əsasda üzləşirik”.
TodayPress TV xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.
O bildirib ki, tarixi şəhərlərin qorunmasında əsas məsələ balansın düzgün qurulmasıdır:
“Balans – yəqin ki, ən çox vurğulanan anlayışdır və buna xüsusi diqqət yetirilməlidir. Kommersiyalaşma ilə tarixi mühitin qorunması arasında tarazlıq olmasa, heç bir tarixi şəhər davamlı şəkildə yaşaya bilməz. Biz bəzi şəhərləri görmüşük ki, onların modelini təkrarlamaq istəmirik. Biz İçərişəhərin yaşayan şəhər olaraq qalmasını istəyirik”.
R.Mahmud qeyd edib ki, son dövrlərdə yeni islahat mərhələsinə start verilib və əsas diqqət orada yaşayan sakinlərə yönəlib:
“Hazırda biz fərdi səviyyədə geniş sorğu aparırıq. Xoşbəxtlikdən, İçərişəhərdə təxminən 3000 nəfər yaşayır və bu proses idarə oluna bilən səviyyədədir. Məqsəd onların gündəlik problemlərini, ehtiyaclarını və çətinliklərini öyrənmək və strategiyanı buna uyğun formalaşdırmaqdır. Biz onların həyatını daha rahat etmək üçün bir sıra tədbirlər görürük, o cümlədən rəqəmsallaşma, rəqəmsal kadastr, mobillik nəzarəti və digər texnoloji həllər tətbiq edirik”.
O əlavə edib ki, özəl sektorla əməkdaşlıq da əsas prioritetlərdəndir:
“Administrasiya üçün ən vacib mesaj etimaddır. Vətəndaşların və özəl sektor tərəfdaşlarının etimadı olmadan effektiv idarəetmə mümkün deyil. Strategiya bütün maraqlı tərəflər üçün açıq, şəffaf və aydın olmalıdır”.
Qiymət Mahir