“Şəfəq” GES və Səngəçal terminalı üzrə yekun investisiya qərarı sənədi imzalandı

“Şəfəq” GES və Səngəçal terminalı üzrə yekun investisiya qərarı sənədi imzalandı
02.06.2025 14:11 Sənaye və energetika

“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov və BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin iştirakı ilə 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya sənədləri imzalanıb.

TodayPress TV xəbər verir ki, “Şəfəq” GES layihəsi üzrə yekun investisiya qərarı “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkətinin səhmdarları – BP (50,01%), “SOCAR Green” (39,99%) və Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) tərəfindən, STEL layihəsi üzrə yekun investisiya qərarı isə Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, Lukoil, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, “ONGC Videsh”, Eni, MVM və TotalEnergies tərəfindən təsdiqlənib.

Sənədlər Səngəçal terminalının elektrik enerjisi şəbəkəsinə həm terminalın daxilində, həm də onun hüdudlarından kənarda inşa ediləcək yeni qurğular, o cümlədən 220 kV-luq yeni elektrik yarımstansiyası vasitəsilə qoşulmasını nəzərdə tutur. “Virtual enerji ötürülməsi” modelinin tətbiqi ilə Şəfəq GES-də istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaq.

Terminalda hazırda elektrik enerji istehsalı üçün 7 qaz turbinindən istifadə edilir ki, elektrikləşdirmədən sonra turbinlər mərhələli şəkildə istismardan çıxarılacaq və istifadə olunmayan yanacaq qaz həcmləri ixraca yönəldiləcək. Bu layihə terminalın elektrikləşdirilməsini dəstəkləməklə yanaşı, həm də təhlükəsizliyini artıracaq.

İnvestisiya qərarlarını dəstəkləmək üçün hər iki layihə ilə bağlı bir sıra müqavilələr də imzalanıb.

“Şəfəq” GES layihəsi üzrə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti ilə “Azerenerji” ASC arasında “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

STEL layihəsi üzrə isə “Azerenerji” ASC ilə Səngəçal terminalının operatoru olan bp arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi, həmçinin istismar və texniki xidmət müqaviləsi imzalanıb.

Bundan əlavə, həm Şəfəq GES, həm də STEL layihələrini dəstəkləmək məqsədilə Səngəçal terminalının operatoru qismində bp, “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti və “Azerenerji” ASC arasında balanslaşdırma sazişi, həmçinin Səngəçal terminalının operatoru qismində bp ilə “Azerenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin “yaşıl enerji”dən istifadəni təşviq edən siyasəti çərçivəsində Şəfəq GES və Səngəçal terminalının elektrikləşdirilməsi layihələri üzrə mühüm mərhələnin tamamlanması ilə ölkəmizin bp ilə strateji enerji tərəfdaşlığında yeni bir səhifə açılır. 240 MVt gücündə günəş stansiyasının “Yaşıl enerji zonası” ərazisində inşası və dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın elektrikləşdirilməsi kimi önəmli elementləri birləşdirən bu layihə, enerji təhlükəsizliyi və emissiyaların azaldılması istiqamətində ortaq, mütərəqqi yanaşmamızın bariz nümunəsidir. Ölkəmizin neft-qaz sektorunda ən böyük investoru olan bp-nin yaşıl enerji sahəsinə doğru sərmayələrini genişləndirməsi tərəfdaşlığımızın uzunmüddətli strateji təməlini daha da möhkəmləndirir. Biz bp ilə birgə təkcə etibarlı enerji təchizatını deyil, həm də dayanıqlı və aşağıkarbonlu gələcəyin əsasını formalaşdırırıq.”

“Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev deyib: “Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanın enerji sektorunda əlamətdar hadisələrin baş verməsi artıq bir ənənəyə çevrilib. bp kimi dünya miqyaslı bir şirkətlə Şəfəq GES və Səngəçal terminalının elektrikləşdirilməsi layihələri növbəti belə uğurlardandır. Bu layihələr enerji təhlükəsizliyi və səmərəliliyinə əhəmiyyətli töhfə verməklə yanaşı, yaşıl enerjinin istifadəsinə də xidmət edir. Eyni zamanda, artıq regionda enerji təhlükəsizliyinə nail olmuş Azərbaycan üçün yeni əməkdaşlıq üfüqləri açır. Enerji istehsalı və ötürülməsinə verdiyi töhfələrlə yanaşı, bu layihələr karbon emissiyalarının azaldılması səylərini də güclü şəkildə dəstəkləyəcək.”


bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel isə deyib: “Bu gün qəbul edilən qərarlar həm Azərbaycanla əməkdaşlığımızda, həm də regiondakı biznes fəaliyyətimizdə yeni bir mərhələnin başlanğıcını qoyur. Şəfəq layihəsi ölkədə günəş enerjisi hasilatına qoyduğumuz ilk investisiya olmaqla, enerji sahəsindəki uğurlu əməkdaşlığımıza yeni bir istiqamət əlavə edir. Bu iki layihəni birləşdirən yeni innovativ yanaşma bizi sevindirir, çünki onun vasitəsilə Azərbaycanda idarə etdiyimiz ən böyük obyekt olan terminalın əməliyyatlarlarından yaranan emissiyaları azalda biləcəyik. Azərbaycanla əsasən neft və qaz sahəsini əhatə edən uzunmüddətli tərəfdaşlığımızda bu yeni mərhələni alqışlayırıq və əminik ki, bu, regionda dayanıqlı enerji sahəsində növbəti təşəbbüslərin həyata keçirilməsinə yol açmağa kömək edəcək.”

Qeyd edək ki, təxminən 200 milyon dollar dəyərində olan Şəfəq Günəş Elektrik Stansiyasının tikintisinin 2027-ci ilin ortalarına qədər yekunlaşması və bu müddətdə 400-ə qədər iş yerinin yaranacağı gözlənilir. Stansiya bütövlükdə bp şirkətinə məxsus olan “Lightsource bp” şirkəti tərəfindən, əsasən yerli resurslar hesabına tikiləcək və idarə olunacaq.

bp şirkəti tərəfindən həyata keçiriləcək və idarə olunacaq 230 milyon dollarlıq STEL layihəsi üçün isə tikinti işlərinin bu il başlanması planlaşdırılır və 1-ci mərhələnin 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər