Boş qalan mənzillər kimə veriləcək? Kilmesin maraqlı təcrübəsi
“Qadınların təhlükəsiz yaşayış hüququ sosial siyasətin əsas istiqamətlərindən biri olmalıdır”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İnnovativ təcrübələr” adlı paneldə Kilmes şəhərinin meri, Buenos Ayres əyalətinin deputatı Mayra Mendoza deyib.
O bildirib ki, Kilmes şəhərində ictimai infrastrukturun planlaşdırılması gender yanaşması əsasında həyata keçirilir və bu istiqamətdə qərarların qəbulunda qadınların iştirakı təmin olunur.
Mayra Mendoza qeyd edib ki, bu prosesə rəhbərlik edən gənc memar əvvəllər Kilmes Universitetinin universitet məktəbini də gender yanaşması nəzərə alınmaqla inşa edib:
“Argentinada mövcud sosial, iqtisadi və istehsal böhranı səbəbindən dövlət tərəfindən ictimai layihələrin maliyyələşdirilməsi azaldılıb və bunun nəticəsində Kilmesdə 800 mənzilin tikintisi dayanıb. Buna baxmayaraq, şəhərdə böyük səylərlə 39 və 16 yaşayış vahidinin tamamlanması istiqamətində işlər davam etdirilir. Həmin mənzillərin bölgüsü xüsusi meyarlarla həyata keçiriləcək. Hazırladığımız qərar layihəsinə əsasən bu mənzillər gender zorakılığına məruz qalmış, qadınlar və müxtəliflik mərkəzlərimizə müraciət etmiş və himayəsində uşaqları olan qadınlara veriləcək”.
O əlavə edib ki, qadınların qarşılaşdığı problemlər dünyanın müxtəlif yerlərində oxşardır və uğurlu təcrübələrin paylaşılması vacibdir:
“Qadın həmrəyliyi beynəlxalq siyasi praktikaya çevrilməlidir. Yerli idarəetmələr insanların həyatının dəyişməsində fundamental rol oynayır”.
Qiymət Mahir