Konor Makqreqor UFC səhnəsini tərk etməyə hazırlaşmır
Keçmiş UFC çempionunun meneceri Odi Attar irlandiyalı döyüşçü Konor Makqreqorun Maks Hollouey ilə döyüşdən sonra karyerasını başa vurmaq niyyətində olmadığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “MMAJunkie” nəşri məlumat yayıb.
Odi Attarın sözlərinə görə, Makqreqor aktiv qalmaq və mütəmadi olaraq döyüşmək istəyir:
“Konor formada qalmaq və çıxış etmək niyyətindədir. Pandemiya dövründə bir mövsüm keçirməyi planlaşdırırdıq, amma bu baş tutmadı. İndi isə yeni mövsüm başlayır və o, döyüşməyə davam etmək istəyir. Biz yalnız Maks Holloueylə döyüşü deyil, növbəti qarşılaşmanı da səbirsizliklə gözləyirik”.
Tərəflər arasında qarşılaşma iyulun 11-də keçiriləcək UFC 329 turnirinin əsas döyüşü olacaq.
Qeyd edək ki, Konor Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda UFC 264 turnirində oktaqona çıxıb. O, həmin görüşdə ayaq zədəsi səbəbindən amerikalı Dastin Poryeyə texniki nokautla uduzub.
İrlandiyalı döyüşçünün peşəkar rekordunda 22 qələbə və 6 məğlubiyyət var.
Namiq HUN