Azərbaycan dəstəyə görə ICAO-ya təşəkkür etdi

Xarici siyasət

05.09.2025 12:38

Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəltdiyi və Qazaxıstanın həyata keçirdiyi araşdırmaya qurumun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

TodayPress TV  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş katibi Xuan Karlos Salazar və Avropa və Şimali Atlantika Bürosunun Regional direktoru Nikolas Rallo ilə görüşündə bildirilib.

Məlumata görə, Azərbaycan tərəfi araşdırmaların ixtisaslaşmış və təcrübəli məhkəmə ekspertiza orqanları tərəfindən aparılmasının vacibliyini xüsusi vurğulayıb. ICAO isə qeyd edib ki, ətraflı və qərəzsiz istintaq aparılması Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərindəndir.

Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarına riayət etməsinə dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. Görüşdə həmçinin ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha bəyan edib.

TodayPress TV

tag: ICAO,Azərbaycan Hava Yolları,Embraer 190,Qazaxıstan,Todaypress.tv,