AL: “Tottenhem” “Mançester Yunayted”ə qarşı
UEFA Avropa Liqasının (AL) finalında keçiriləcək “Tottenhem” – “Mançester Yunayted” matçının qalibi yalnız kuboku deyil, həm də növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanacaq.
TodayPress TV xəbər verir ki, mövsüm ərzində “Tottenhem” üç dəfə “Mançester Yunayted”lə qarşılaşıb və bir dəfə də məğlub olmayıb.
Bu Premyer Liqadakı mövqelərə baxmayaraq, London təmsilçisinin psixoloji üstünlüyünü göstərir.
“Tottenhem” həlledici matça ciddi itkilərlə çıxacaq.
“Mahmızlar”ın əsas oyunçuları Kuluşevski və Meddison AL finalını buraxacaqlar. Digər tərəfdən, “Mançester Yunayted” Bilbaoda “Atletik”i (3:0) məğlub edərək finala yüksəlib və iki yarımfinal matçında 7 qol vurub.
Bu, həm də onların hücum potensialının yüksəkliyindən xəbər verir. Maraqlıdır, bu qolların “limiti” finala qalacaqmı? Komandalar bir-birini yaxşı tanıyır. Böyük ehtimalla ehtiyatlı oyun və riskdən qaçmaq üstünlük təşkil edəcək.
Bir sözlə bu finalda favorit yoxdur. Qalibin müəyyənləşməsi penaltilərə qədər də uzana bilər.
Qeyd edək ki, İspaniyanın Bilbao şəhərinin “San Mames” stadionunda keçiriləcək matçı almaniyalı referi Feliks Zoyer idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Tottenhem,Mançester Yunayted,Futbol,Klub,Todaypress.tv,