Türkiyədə yüz minlərlə insanın pul yatırdığı investisiya fondları böyük qalmaqalla gündəmə gəlib.
Sərmayə Bazarları Şurası (SPK) sentyabrın 17-də qəfil Tera, Pusula, Hədəf, Atlas, A1 Capital, Pardus və Bulls şirkətlərinin idarə etdiyi 131 fondun fəaliyyətini dayandırıb və onların ləğvinə başlayıb.
TodayPress TV-nin araşdırmasına görə, bu fondlara 455 mindən çox investor pul yatırıb, ümumi vəsaitin həcmi isə 850–900 milyard türk lirəsi ilə ölçülür.
Qalmaqalın mərkəzində sadə, amma təhlükəli bir mexanizm dayanır: səhmlərin qiymətini süni şəkildə artırmaq, yüksək qazanc görüntüsü yaratmaq və bu rəqəmlərə inanan insanları fondlara pul yatırmağa həvəsləndirmək.
İşin necə qurulduğunu anlamaq üçün bir məqamı bilmək kifayətdir. Bazarda elə səhmlər var ki, onları çox adam alıb-satmır. Belə səhmlərdən böyük həcmdə alan şirkət onların qiymətinə ciddi təsir göstərə bilər. İddialara görə, bəzi fondlar məhz bu imkandan istifadə edərək müəyyən səhmləri kütləvi şəkildə alır, qiymətləri yüksəldir və öz fondlarının gəlirliliyini olduğundan daha cəlbedici göstərirdilər.
Yüksək qazanc rəqəmlərini görən insanlar da həmin fondlara pul yatırmağa başlayırdılar. Məsələn, Tera şirkətinin TLY fondunun gəlirliliyinin 15 000 faizi keçməsi diqqət çəkirdi. Belə rəqəmlər adi investor üçün böyük fürsət təsiri bağışlasa da, əsas sual bu qazancın real iqtisadi nəticələrə, yoxsa səhmlərin süni bahalaşmasına əsaslanmasıdır.
Səhmlərin qiyməti süni şəkildə yüksəldiləndə hər şey qaydasında görünsədə, problem investorlar pullarını geri istəyəndə başlayır. Fondun əlindəki səhmləri həmin yüksək qiymətə satmaq mümkün olmadıqda vəsait çatışmazlığı yaranır. Çoxlu investor eyni vaxtda pulunu çıxarmaq istəsə, sistem daha da ağır vəziyyətə düşür.
2026-cı ilin sentyabrında baş verənlər də məhz bu sualları gündəmə gətirdi. Sentyabrın 15-də Pusula Portfelin bəzi fondları üzrə ödəniş problemi yarandı. İki gün sonra SPK 131 fondun fəaliyyətini dayandırdı. Ardınca İstanbul Cümhuriyyət Baş Prokurorluğu genişmiqyaslı istintaqa başladı.
Araşdırmanın diqqət mərkəzində fondların səhmləri necə aldığı, qiymətlərin hansı əməliyyatlarla yüksəldildiyi və bundan kimin qazanc götürdüyü dayanır. İddialara görə, bəzi hallarda fondlar ayrı-ayrı şirkətlərin sərbəst dövriyyədə olan səhmlərinin 90 faizindən çoxunu nəzarətdə saxlayırdılar. Belə vəziyyətdə səhmlərin qiymətini dəyişmək və bazarda baş verənlərə təsir göstərmək daha asan olur.
Sosial şəbəkələr və investor forumları da bu prosesdə rol oynaya bilərdi. Qiyməti sürətlə yüksələn səhmlər barədə yayılan məlumatlar yeni alıcıları cəlb edir, artan tələb isə qiymətləri daha da yuxarı çəkirdi. Bu arada əvvəlcədən həmin səhmləri almış şəxslər münasib vaxtda satış edərək qazanc əldə edə bilərdilər. Sentyabrın 13-dən 16-dək qeydə alınan yüksək satış həcmləri də istintaqın araşdırdığı məsələlər sırasındadır.
İşin miqyası kifayət qədər böyükdür.
Oktyabrın ortalarına qədər 217-dən çox şübhəli şəxs barəsində əməliyyat keçirilib, 85 nəfər həbs olunub. Tera, Pusula və Hədəf fondları ilə əlaqəli əməliyyatlardan 141 fiziki şəxs və 73 şirkətin, ümumilikdə 214 subyektin, 100 milyon türk lirəsindən çox qazanc əldə etdiyi iddia olunur. Ümumi zərərin isə 187,65 milyard türk lirəsinə çatdığı hesablanır. Vəsaitlərin bir hissəsinin İsveçrə banklarına və digər xarici hesablara köçürülməsi ehtimalı da araşdırılır.
İstintaq çərçivəsində adı çəkilən şəxslər arasında hakim AK Partinin keçmiş naziri və Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) sabiq üzvü Fatma Betül Sayan Kaya və həyat yoldaşı İlyas Kaya da var. Onların fondlarla bağlı araşdırma çərçivəsində şübhəli qismində ifadə verdikləri bildirilir. İddialara görə, cütlük fondlara böyük məbləğdə vəsait yatırıb və ləğvetmə qərarından az əvvəl pullarını çıxarıb. Onların əmlakının dondurulduğu da qeyd olunur. Hadisədən sonra Fatma Betül Sayan Kayanın AK Partidən istefa verdiyi bildirilir.
Adı çəkilən şəxslərdən biri də Tera Yatırım Holdingin idarə heyətinin üzvü Abdulkadir Özkandır. O, istintaq çərçivəsində saxlanılan şəxslər arasındadır. Özkan əvvəllər Diyanət İşləri Başqanlığında və Milli Təhsil Nazirliyində mətbuat müşaviri, 2015-ci ildə isə Baş nazirlikdə baş müşavir vəzifəsində çalışıb.
Tera fondlarının idarəçilərindən İskender Balcının da həbs olunduğu bildirilir. Onun Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə qohumluq əlaqələrinin olduğu barədə iddialar gündəmə gəlib. Keçmiş AK Partili bürokrat Osman Arıkan Nacarın adı da müxalifətin və mətbuatın açıqlamalarında çəkilir.
Siyasi əlaqələrlə bağlı suallar təkcə ayrı-ayrı şəxslərlə məhdudlaşmır. Pusula Portföy şirkətinin auditini aparan Aksis Bağımsız Denetim şirkətinin rəhbər heyətində əvvəllər AK Partidən deputatlığa namizəd olmuş şəxslərin yer aldığı da iddia olunur.
Qalmaqal Türkiyə parlamentində də siyasi mübahisəyə çevrilib. Müxalifət partiyaları mümkün siyasi təsirlərin, bürokratik səhlənkarlığın və nəzarət mexanizmlərindəki problemlərin araşdırılması üçün təkliflər irəli sürüblər. Lakin həmin təkliflər AK Parti və MHP deputatlarının səsləri ilə rədd edilib. Hakimiyyət nümayəndələri isə məsələnin hüquqi araşdırma predmetinə çevrildiyini və prokurorluqla məhkəmələr tərəfindən araşdırılmalı olduğunu bildirirlər.
Ancaq bu rəqəmlərin arxasında təkcə iri şirkətlər və maliyyə oyunçuları dayanmır.
Əsas zərbə öz yığımlarını artırmaq istəyən adi insanlara dəyib. İnvestorların təxminən 88 faizinin fondlarda 1 milyon türk lirəsindən az vəsaiti olub. Yəni bir çox insan üçün söhbət illərlə qəpik-qəpik topladığı puldan gedir.
İndi ən vacib sual həmin pulların nə qədərinin geri qaytarılacağıdır. Ləğvetmə prosesində fondların əlindəki aktivlər satılacaq, əldə olunan vəsait isə investorlar arasında paylarına uyğun bölüşdürüləcək. Tera fondları üzrə İş Bankası, digər fondlar üzrə Ziraat Bankası prosesdə məsul qurumlar kimi müəyyən edilib. Amma fondun aktivlərinin dəyəri yatırılmış vəsaitdən azdırsa, bütün investorların pullarını tam şəkildə geri alacağına zəmanət yoxdur.
Qalmaqalın ardınca zərərçəkənləri hədəf alan dələduzlar da ortaya çıxıb.
WhatsApp və Telegram qruplarında insanlara pullarını geri qaytarmağa kömək edəcəklərini deyərək 25–50 min türk lirəsi tələb edənlər var. Pulunu itirmiş insan üçün belə vədlər cəlbedici görünə bilər. Ancaq bu şəxslərə ödəniş etmək zərəri daha da artıra bilər. İnvestorlar yalnız SPK-nın və rəsmi bankların açıqlamalarına əsaslanmalıdırlar.
Hadisənin təsiri fondlarla məhdudlaşmayıb. Türkiyənin əsas səhm bazarı göstəricisi olan BIST 100 indeksi təxminən 15 faiz ucuzlaşıb, pul bazarı fondlarından isə 600 milyard türk lirəsi həcmində vəsait çıxışı qeydə alınıb. Belə bir qalmaqal investorların təkcə konkret fondlara deyil, bütövlükdə maliyyə bazarına inamını sarsıdır.
İstintaq çərçivəsində bazar manipulyasiyası, ağırlaşdırılmış dələduzluq, cinayət məqsədilə təşkilat yaratmaq və çirkli pulların yuyulması ehtimalları araşdırılır. Türkiyənin keçmiş SPK sədri İbrahim Ömer Gönül də şübhəli qismində ifadə verib.
Türkiyədə indi əsas məsələ yalnız məsul şəxslərin müəyyənləşdirilməsi və bu iqtisadi boşluğu bərpa etmək deyil. Minlərlə insanın pulunun taleyi, zərərin nə qədərinin ödəniləcəyi və maliyyə bazarında belə bir vəziyyətin yenidən yaranmasının qarşısının necə alınacağı da açıq qalır.
Jalə Rövşən