Pərdə arxasında mollallar böyük Turanı necə yıxmaq istədi?
Türkiyədə 29-30 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı yaxınlaşdıqca, Türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasından narahat olan regional və qlobal aktorların müxtəlif hibrid təsir vasitələrinə əl atdığı müşahid olunur.
İbtidai məktəblərdə baş örtüyü, məktəbli formaları və ya sosial həssaslığı olan dini mövzular ətrafında süni şəkildə yaradılan gərginliklərin əsl mahiyyəti mənəvi dəyərləri qorumaq deyil. Əsas hədəf Bakı və Ankara oxunu, Türk Birliyinin dünyəvi və suveren dayaqlarını hədəf almaq, zirvə toplantısı ərəfəsində daxili sabitliyi pozmaqdır.
Dini istismar və təxribatların səhnə arxası...
İctimaiyyətə "dini hüquqlar" və ya "geyim sərbəstliyi" kimi təqdim olunmağa çalışılan bəzi insidentlərin (o cümlədən Betül Soyan məsələsi kimi maliyyə, nüfuz və dini simvollardan sui-istifadə halları ilə müşayiət olunan hadisələrin) pərdəarxası araşdırıldıqda, məqsədin tamamilə siyasi manipulyasiya olduğu aydın görünür.
Dini simvolların siyasi intriqalara alət edilməsi: İctimai rəyi çaşdırmaq, xüsusən təhsil müəssisələrində vahid geyim qaydalarını hədəf almaqla cəmiyyəti radikallaşdırmaq və radikal tarikat/camaat şəbəkələrini fəallaşdırmaq cəhdləri görünən tərəfdir.
Xarici təsir qütblərinin niyyəti: Türkiyə və Azərbaycanda kök salmağa çalışan, müxtəlif xarici mərkəzlərin (İran teokratik dairələri, separatçı-radikal şəbəkələr və müəyyən xarici kəşfiyyat qolları) təsiri altında olan radikal strukturların əsas niyyəti dövlətin sekulyar sütunlarını sarsıtmaqdır.
Dünyəvi Türk Birliyi radikalizmə və teokratiyaya qarşı ən güclü sipərdir
Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlər — Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan - Konstitusiyalarında dünyəvilik (sekulyarizm) prinsipini əsas tutan, müasir və hüquqi dövlətlərdir.
Türk Birliyi teokratik və ya radikal ideologiyalara deyil, milli kimliyə, dünyəvi dövlətçilik ənənəsinə, elmə və ortaq geostrateji maraqlara söykənir. Məhz bu səbəbdən teokratik iddialarla çıxış edən regional güclər və radikal dini şəbəkələr dünyəvi Türk Birliyinin inkişafını öz ideoloji varlıqlarına birbaşa təhdid kimi görürlər.
Qarabağ zəfəri və boşa çıxan söhbətlər
Azərbaycanın Vətən müharibəsində və lokal antiterror tədbirlərində qazandığı tarixi qələbə Cənubi Qafqazda onilliklərlə davam edən status-kvo və xarici təsir rıçaqlarını darmadağın etdi.
Bu qələbə xalqın milli birliyi, ordunun peşəkarlığı və dövlətin iradəsi ilə qazanıldı. Şəxsi maraqlar, xüsusi imtiyazlar və ya daxili intriqalar üzərində deyil, birbaşa milli qisasın alınması və suverenliyin tam bərpa olunması üzərində quruldu.
Regionda illərlə separatizmi və işğalı dəstəkləyən qüvvələr Bakının yaratdığı yeni reallığı qəbul etməyə məcbur oldular.
Hərb meydanında və diplomatiyada Azərbaycan-Türkiyə ittifaqına qalib gələ bilməyənlər indi daxildən — radikal dini ritorika, sosial narazılıqlar və süni məsələlər üzərindən sabotaj cəhdlərinə əl atırlar.
29-30 oktyabr zirvəsi nə məqsədlə sabotaj edilmək istənilir?
Zirvədə ortaq təhlükəsizlik mexanizmlərinin və hərbi-sənaye əməkdaşlığının daha da dərinləşdirilməsi gözlənilir.
Şərq-Qərb nəqliyyat dəhlizinin Türk dünyasının nəzarətində daha da güclənməsi başqa geopolitik mərkəzlərin regiondakı inhisarını ləğv edir.
Zirvəyə saylı günlər qalmış həm Türkiyə, həm də Azərbaycanda sosial şəbəkələrdə dini-sosial mövzuların alovlandırılması bu böyük inteqrasiya prosesini ləngitməyə, iki ölkə arasındakı sarsılmaz birliyə kölgə salmağa hesablanıb.
Azərbaycan və Türkiyə başda olmaqla, Türk dünyası öz yolunu seçib:
Tərəfimiz TÜRK, DÜNYƏVİ və MÜASİR dövlət modelidir. Radikal təriqətlərın, xarici kəşfiyyat şəbəkələrinin və dini pərdə altında gizlənən separatçı postların təxribatları 29-30 oktyabr Zirvəsinin tarixi əhəmiyyətini və Türk Birliyinin yüksəlişini dayandıra bilməyəcək.
Jalə Rövşən