Xaricdəki ağanın kəraməti Azərbaycan polisindən necə güclü ola bilər?

Xaricdəki ağanın kəraməti Azərbaycan polisindən necə güclü ola bilər?
16.10.2026 16:15 Təhlil

Müstəqil Azərbaycanın təməli hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, ölkənin dünyəvi və hüquqi prinsiplər əsasında idarə olunması üzərində qurulub. Bu torpaqda yaşayan hər kəsin dini etiqad azadlığı var və dövlət bu azadlığın təminatçısıdır. Lakin zaman-zaman cəmiyyətimizə elə düşüncə tərzləri nüfuz edir ki, onların məqsədi dinə xidmət etmək deyil, birbaşa dövlətin varlığını, müstəqilliyini və xalqın birliyini hədəfə almaqdır.

Bu gün bəzi dairələrin və ya onların təsiri altına düşmüş insanların dilindən “biz şəriət dövləti qurmaq istəyirik”, “mən Azərbaycan hökumətini tanımıram, ancaq filan ağanı tanıyıram” və ya “mən rəisçiyəm, rəis nə desə, odur” kimi ifadələr eşidilir. İlk baxışdan bu sözlər sıradan bir dini inancın və ya şəxsi bağlılığın ifadəsi kimi görünə bilər. Lakin məsələnin mahiyyətinə vardıqda onların arxasında ciddi təhlükənin dayandığı aydın olur. Bu, sadəcə hüquqi pozuntu məsələsi deyil, insanın doğulub boya-başa çatdığı torpağın qanunlarına, Konstitusiyasına və ölkəsinin gələcəyinə qarşı yönəlmiş ideoloji mövqedir.

“Mən bu ölkənin qanununu, polisini, məhkəməsini tanımıram” deyən insan əslində nə demək istəyir? O, bununla özünü bu dövlətin hüquqi sistemindən kənarda görür, ölkəsinin qanunlarına və dövlətçilik prinsiplərinə münasibətini ortaya qoyur. Belə düşüncələrin yayılmasına yol verildikdə cəmiyyətdə hüquqi nizama inam zəifləyər, hər kəs özünə bir “ağa” seçərək onun göstərişləri ilə hərəkət etməyə başlayar. Halbuki bizi bir millət və bir dövlət kimi bir arada saxlayan əsas amillərdən biri hamımızın eyni qanunlara tabe olmağımızdır.

“Şəriət dövləti” xülyası ilə yaşayanlar və ya xaricdəki hansısa ideoloji mərkəzlərə kor-koranə beyət edənlər çox vaxt özləri də fərqinə varmadan özgə qüvvələrin əlində alətə çevrilirlər. Xarici liderləri özünə “rəis” və ya “ağa” seçən, onların bir sözü ilə öz ölkəsinin maraqlarını tapdalamağa hazır olan insanlar üçün milli təəssübkeşlik anlayışı öz mahiyyətini itirir. Belə şəxslərin mövqeyi milli maraqlardan deyil, xarici ideoloji mərkəzlərə bağlılıqdan qaynaqlanır. Bu cür yanaşma cəmiyyəti daxildən parçalayır, insanları “bizimkilər” və “özgələr” adı altında qarşı-qarşıya qoyur.

Azərbaycanın tarixi və bu gün gəlib çatdığı inkişaf mərhələsi göstərir ki, bizi güclü edən əsas amillər milli vəhdətimiz, müasir və dünyəvi inkişaf yolumuzdur. Vicdan azadlığı hər bir insanın haqqıdır. Lakin bu azadlıqdan dövlətin əsaslarını sarsıtmaq, xarici təsir şəbəkələrinin maraqlarını ölkəmizə daşımaq üçün istifadə edilməsi qəbuledilməzdir.

Gənclərimizi kor-koranə tabeçiliyi təşviq edən bu cür zərərli cərəyanlardan qorumaq üçün ən böyük silahımız təhsil, sağlam maarifləndirmə və güclü dövlətçilik şüurudur. Müstəqil Azərbaycanın gələcəyi xaricdəki “ağa”ların xeyir-duasına ümid edənlərin deyil, öz dövlətinə, qanunlarına və milli maraqlarına sadiq qalan şüurlu vətəndaşların çiyinləri üzərində yüksələcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər