Sifarişi ləğv etdirən, əlavə pul istəyən sürücüləri nə gözləyir? - "Bolt"dan AÇIQLAMA

Sifarişi ləğv etdirən, əlavə pul istəyən sürücüləri nə gözləyir? - "Bolt"dan AÇIQLAMA
04.09.2026 14:13 Sosial

Son zamanlar taksi xidmətlərindən istifadə edən sərnişinlərin əlavə ödəniş tələbi, sifarişlərin əsassız ləğvi və ya sürücülərin qeyri-peşəkar davranışları ilə bağlı şikayətlər artıb. 

Sərnişinləri narahat edən bu kimi hallar və platformanın təhlükəsizlik qaydaları ilə bağlı "Bolt" şirkətinin PR meneceri Nigar Kazımova TodayPress TV-yə rəsmi açıqlama verib.

PR meneceri bildirib ki, şirkətin əsas məqsədi həm sərnişinlər, həm də tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət mühiti yaratmaqdır. Platforma üzərindən qəbul edilən hər bir sifariş məsafəsindən və ödəniş üsulundan asılı olmayaraq mütləq icra olunmalıdır.

Nigar Kazımova qaydaları pozan sürücülərə qarşı sıfır dözümlülük nümayiş etdirildiyini vurğulayıb:

"Sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini xahiş etməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə karşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbuledilməzdir. Bu kimi hallarla qarşılaşan sərnişinlərdən hadisə barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür".

Xidmət keyfiyyətinə nəzarət mexanizmindən danışan şirkət rəsmisi, şikayətlər təsdiqləndiyi təqdirdə tətbiq edilən sanksiyaları da diqqətə çatdırıb:

""Bolt"un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər".

O, sürücülərlə mütəmadi maarifləndirmə işlərinin aparıldığını bildirib:

"Qeyd etmək istərdik ki, "Bolt" sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir. Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır".

Sonda Nigar Kazımova belə hallarla qarşılaşan sərnişinlərə şirkətə rəsmi müraciət etməyi tövsiyə edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər