Azərbaycan nefti Tokionun İMDADINA ÇATDI

Sənaye və energetika

12.05.2026 12:13

Yaponiya şirkəti "ENEOS" Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının bloklanması fonunda Azərbaycandan 283 min barel neft alıb.

TodayPress TV Yaponiya mediasına istinadən xəbər verir ki, Azərbaycan neftini daşıyan tanker 12 may tarixində artıq Yaponiyaya çatıb.

Məlumata görə, neft Tokio yaxınlığında yerləşən Negisi ərazisindəki ENEOS neft emalı zavoduna yönləndiriləcək.

Nəşrlər bildirir ki, Yaponiya hökuməti ABŞ və digər ölkələrdən idxal daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin genişləndirilməsi istiqamətində addımlarını sürətləndirib. Bu, xüsusilə enerji idxalında şaxələndirmənin vacib prioritetə çevrilməsi ilə əlaqələndirilir.

Qeyd edilib ki, bu, Yaxın Şərqdəki münaqişənin başlanmasından sonra Yaponiyaya göndərilən Azərbaycan neftinin ilk partiyasıdır. Bundan əvvəl Yaponiya neft emalı zavodları əsasən Yaxın Şərq ölkələrindən idxaldan asılı olub.

Yaponiyada gündəlik neft istehlakı təxminən 3 milyon barel təşkil edir. Ölkə həmçinin fövqəladə hallar üçün geniş neft ehtiyatlarına malikdir. Lakin Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr riski idxalın sabitliyi ilə bağlı narahatlıqları artırır.

TodayPress TV

tag: Yaponiya,Azərbaycan,Neft,Alış,Todaypress.tv,