Qadın 7 ay qarnında yad cisimlə gəzdi
Sağlamlıq
12.05.2026 19:20
İtaliyada 53 yaşlı qadının qarın boşluğunda əməliyyat zamanı unudulmuş cərrahi qayçı yeddi ay sonra aşkar edilib.
TodayPress TV xəbər verir ki, hadisə barədə “L’Unione Sarda” məlumat yayıb.
Məlumata görə, qadın 25 oktyabr 2025-ci ildə özəl klinikada qarın plastikası əməliyyatı keçirib. Evə qayıtdıqdan sonra o, güclü ağrılardan şikayətlənib və huşunu itirib. Özünə gəldikdən sonra xəstəxanaya müraciət edib. Lakin həkimlər onun vəziyyətinin əməliyyatdan sonrakı dövr üçün normal olduğunu bildiriblər və infeksiya ehtimalı ilə antibiotik müalicəsi təyin ediblər.
Buna baxmayaraq, müalicə effekt verməyib. 2026-cı ilin may ayında aparılan kompüter tomoqrafiyası müayinəsi zamanı qadının qarın boşluğunda cərrahi qayçı aşkar olunub. Beləliklə, pasiyent yeddi ay boyunca həmin yad cisimlə yaşayıb.
Səhv edən cərrah daha sonra qadına qayçının çıxarılması üçün təkrar əməliyyat təklif etsə də, pasiyent buna razı olmayıb. Hazırda o, başqa bir klinikada müalicəsini davam etdirməyi gözləyir.
Jalə Rövşən
tag: Qayçı ,Həkim ,Cərrah ,İtaliya,Todaypress.tv,
