Neandertalların stomatoloji sirləri: 60 min il əvvəl diş əməliyyatı

Sağlamlıq

14.05.2026 18:45

Alimlər neandertalların təxminən 60 min il əvvəl kariyesdən zədələnmiş dişləri deşərək müalicə etdiklərini müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc olunub.

Arxeoloqlar Çaqırskaya mağarasında tapılan azı dişini araşdırıblar. Təxminən 59 min il yaşı olan tapıntının mərkəzində dişin pulpasına — sinir və damarların yerləşdiyi yumşaq toxumaya qədər çatan dərin dəlik aşkarlanıb.

Dəliyin mənşəyini müəyyən etmək üçün alimlər müasir insan dişləri üzərində təcrübə aparıblar. Onlar mağarada tapılanlara bənzər daş alətlərdən istifadə edərək eyni izləri və deşmə cızıqlarını təkrarlaya biliblər. Tədqiqatçıların fikrincə, bu prosedur zədələnmiş toxumaların çıxarılması və infeksiyanın yaratdığı ağrının azaldılması məqsədi daşıyıb.

Araşdırmanın müəlliflərindən biri, Rusiya Elmlər Akademiyasının əməkdaşı Kseniya Kolobova bildirib ki, kariyesli dişin müalicəsi ağrının mənbəyinin müəyyənləşdirilməsi, uyğun alətin seçilməsi və ağrılı müdaxilənin aparılmasını tələb edir. Onun sözlərinə görə, bu, artıq instinktiv yardım deyil, məqsədli tibbi fəaliyyətdir.

Alimlər hesab edirlər ki, əməliyyat iti yəşəm daşından hazırlanmış alətlə aparılıb. Diş üzərindəki izlərə əsasən, deşmə bir neçə mərhələdə və tədricən həyata keçirilib. Həmin dövrdə anesteziyanın (ağrıkəsicinin) olmadığı ehtimal edilir.

Tədqiqatçılar bildiriblər ki, pasiyent güclü ağrı hiss edib və normal qidalanmaqda çətinlik çəkib. Buna baxmayaraq, müdaxilə uğurlu olub. Dişdəki aşınma izləri həmin şəxsin sonradan da dişdən istifadə etdiyini göstərir.

Araşdırmanın həmmüəllifi Alisa Zubova qeyd edib ki, neandertallar xəstə və zəif fərdlərə müasir insanlar qədər qayğı göstərirdilər. Alimlər daha əvvəl neandertalların “diş çöpü”ndən, dərman bitkilərindən istifadə etdiyini və yaralı qəbilə üzvlərinə qulluq etdiyini müəyyən etmişdilər. Lakin bu səviyyədə stomatoloji əməliyyat ilk dəfə Homo sapiens-dən fərqli insan növündə qeydə alınıb.

Qeyd edək ki, neandertallar təxminən 300 min il əvvəl Avrasiyada meydana çıxıb və 40 min il əvvəl nəsilləri kəsilib. Müasir araşdırmalar onların mürəkkəb davranışlara malik olduğunu, bəzək əşyaları hazırladığını, ölüləri dəfn etdiyini və bir-birini müalicə etdiyini göstərir.

Qiymət Mahir

tag: Neandertal,Alim,Kariyes,Arxeoloqlar , TodayPress TV,