İrritabl bağırsaq sindromu: Hansı şikayətlərlə özünü göstərir?
İrritabl bağırsaq sindromu (İBS) həzm sisteminin ən geniş yayılmış funksional pozğunluqlarından biridir.
TodayPress TV xəbər verir ki, bu zaman bağırsaqlarda hər hansı struktur və ya iltihabi dəyişiklik aşkarlanmasa da, xəstələr gündəlik həyat keyfiyyətinə təsir edən müxtəlif həzm problemlərindən əziyyət çəkirlər.
Mütəxəssislərin sözlərinə görə, xəstəlik daha çox gənc və orta yaşlı insanlarda müşahidə olunur və qadınlarda kişilərə nisbətən daha geniş yayılıb.
İBS-in ən xarakterik əlaməti qarın ağrısı və ya narahatlıq hissidir. Bu ağrı adətən bağırsaq hərəkətindən sonra azalır və ya xarakterini dəyişir. Xəstələrdə tez-tez qarında köp, qazın artması və şişkinlik hissi də müşahidə edilir.
Bağırsaq vərdişlərində dəyişiklik də sindromun əsas əlamətlərindəndir. Bəzi xəstələrdə uzunmüddətli qəbizlik, digərlərində isə ishal üstünlük təşkil edir. Bəzən isə bu iki vəziyyət növbələşərək baş verir. Nəcisin formasında və tezliyində dəyişiklik, eləcə də bağırsağın tam boşalmaması hissi də tez-tez rast gəlinən şikayətlər sırasındadır.
İrritabl bağırsaq sindromunun yaranma səbəbi tam məlum olmasa da, bağırsaq hərəkətlərinin pozulması, bağırsaqların həssaslığının artması, stress, narahatlıq, hormonal dəyişikliklər və bağırsaq mikrobiotasındakı dəyişikliklərin xəstəliyin inkişafında rol oynadığı düşünülür. Bir çox xəstədə simptomlar emosional gərginlik dövrlərində daha da güclənir.
Həkimlər bildirirlər ki, İBS həyat üçün təhlükəli xəstəlik hesab olunmasa da, uzunmüddətli narahatlıq yarada və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəldilir. Bunun üçün qidalanma rejiminin tənzimlənməsi, lif qəbulunun fərdi ehtiyaclara uyğunlaşdırılması, bəzi qidaların məhdudlaşdırılması, kifayət qədər maye qəbulu, fiziki aktivlik və stressin idarə olunması tövsiyə edilir. Zərurət olduqda həkim nəzarəti ilə dərman preparatlarından da istifadə oluna bilər.
Mütəxəssislər vurğulayırlar ki, qarın ağrısı ilə yanaşı səbəbsiz çəki itkisi, nəcisdə qan, gecələr yuxudan oyadan ishal, yüksək hərarət və ya qanazlığı kimi əlamətlər müşahidə olunarsa, bu hallar İBS üçün xarakterik sayılmır və daha ciddi xəstəliklərin istisna edilməsi üçün mütləq qastroenteroloqa müraciət etmək lazımdır. Erkən diaqnoz düzgün müalicə strategiyasının seçilməsində mühüm əhəmiyyət daşıyır.
Türkan İsgəndərli