Göz damcısı ilə miopiya müalicəsində yeni ümid
Sağlamlıq
06.05.2026 19:45
ABŞ-nin Hyuston Universitetinin tədqiqatçıları aşağı dozalı atropinin yetkinlərdə miopiyanın (yaxıngörmə) inkişafını yavaşlada biləcəyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Eye and Vision" jurnalında dərc olunub.
Təcrübədə iştirakçılara ya aşağı dozalı atropin damcısı, ya da plasebo verilib. Daha sonra 1 saat və 24 saat sonra onların görmə funksiyası yoxlanılıb. Nəticələr göstərib ki, atropin göz bəbəyinin ölçüsünü və fokuslanma qabiliyyətini dəyişərək görmə sisteminə təsir edir və bu effekt təxminən bir gün davam edir.
Alimlər bildiriblər ki, bu qısa müddətli istifadə gözün strukturuna zərər verməyib: göz almasının uzunluğu və torlu qişanın vəziyyəti sabit qalıb. Yalnız kiçik və geri dönən qan axını dəyişiklikləri müşahidə olunub.
Atropin göz əzələlərini müvəqqəti boşaldaraq bəbəyi genişləndirən, tibbdə isə müxtəlif göz xəstəliklərində istifadə olunan bir maddədir. Lakin o, bəzi hallarda göz daxili təzyiqi artıra bilər və bu xüsusilə qlaukoma xəstələri üçün risk yaradır.
Tədqiqatçılar hesab edirlər ki, aşağı dozalı atropin miopiyanın idarə olunması üçün perspektivli üsul ola bilər, amma onun uzunmüddətli təsiri və təhlükəsizliyi üçün əlavə araşdırmalar lazımdır.
Türkan İsgəndərli
tag: Göz,Damcı,Miopiya,Atropin,Todaypress.tv,
