Ən çox saxtalaşdırılan 4 məhsul açıqlandı - Alarkən bu səhvi etməyin
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkədə ən çox saxtalaşdırılan məhsullar sırasında spirtli içkilər, bal, qara kürü və kənd toyuğu yer alır. Bəs istehlakçılar bu məhsulları alarkən hansı səhvlərə yol verirlər və saxta məhsulu mağazada müəyyən etməyin yolları varmı?
Mövzu ilə bağlı qida eksperti İlkin Şirinov TodayPress TV-yə bildirib ki, məsələni yalnız bu məhsullarla məhdudlaşdırmaq düzgün deyil. Onun sözlərinə görə, istehlakçı üçün əsas meyar ilk növbədə məhsulun təhlükəsizliyi və keyfiyyəti olmalıdır.

Ekspert qeyd edib ki, alıcıların ən böyük səhvlərindən biri məhsulu yalnız qiymətinə görə seçmələridir.
“Bazarda ucuz məhsulların alıcısı daha çox olur. İnsanlar elə hesab edirlər ki, ucuz məhsul almaqla qənaət edirlər. Halbuki istehlakçı üçün əsas məsələ qiymət yox, məhsulun təhlükəsizliyi və keyfiyyətidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, spirtli içkilər alarkən məhsulun üzərində aksiz markasının olub-olmamasına, markalanmasına və qiymətinə diqqət yetirmək vacibdir.
“Əgər məhsulun üzərində aksiz markası yoxdursa, markalanma aparılmayıbsa və qiyməti bazar dəyərindən xeyli aşağıdırsa, bu, ya yararlılıq müddəti problemli olan, ya da sağlamlıq üçün təhlükə yaradan məhsul ola bilər. Belə məhsulları almaq insanların öz sağlamlıqlarını riskə atması deməkdir”, - ekspert bildirib.
Balın keyfiyyətinin ev şəraitində yoxlanılması ilə bağlı yayılan fikirlərin də doğru olmadığını deyən ekspert bildirib ki, balın şəkərlənməsi, yandırılması və ya dəriyə sürtülməsi onun keyfiyyətini müəyyən edən meyar deyil.
“Balın keyfiyyətini müəyyən etməyin ən etibarlı yolu laborator müayinələr, müvafiq dövlət qurumlarının verdiyi sertifikatlar və ekspertiza rəyləridir. Orqanoleptik qiymətləndirmə də mümkündür, lakin bunu yalnız mütəxəssislər düzgün şəkildə apara bilərlər”, - deyə o qeyd edib.
Ekspert qara kürünün də ən çox saxtalaşdırılan məhsullardan biri olduğunu bildirib. Onun sözlərinə görə, nərə balıqlarının yetişdirilməsi böyük xərc tələb etdiyi üçün bazarda həddindən artıq ucuz qiymətə təklif olunan qara kürüyə şübhə ilə yanaşmaq lazımdır.
“Yarım kiloqram qara kürünün 20-30 manata satılması bazar reallığından tamamilə uzaqdır. İstehlakçılar qiymət meyarını düzgün qiymətləndirməli və məhsulun mənşəyinə diqqət etməlidirlər”, - deyə ekspert bildirib.
O əlavə edib ki, saxta qara kürü xüsusilə şadlıq evlərində və banket zallarında bahalı məhsul adı ilə təqdim oluna bilir.
Kənd toyuğuna gəlincə isə ekspert bildirib ki, bu məhsulun da saxtalaşdırılması halları geniş yayılıb.
“Kənd toyuğunu fərqləndirməyin ən yaxşı yolu onun bişdikdən sonrakı xüsusiyyətlərinə diqqət yetirməkdir. Broyler toyuğu daha tez bişir, əti daha yumşaq olur. Kənd toyuğunda isə həm dad, həm qoxu, həm də ətin quruluşu fərqli olur”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, istehlakçılar kənd toyuğunu yalnız baytarlıq nəzarətindən keçən etibarlı təsərrüfatlardan almalıdırlar.
Sonda ekspert vurğulayıb ki, saxta məhsullarla mübarizədə təkcə dövlət nəzarəti kifayət etmir. Onun fikrincə, istehlakçılar da daha diqqətli olmalı, məhsul seçərkən qiymətə deyil, təhlükəsizlik, keyfiyyət və mənşəyə üstünlük verməlidirlər.
Kübra Musayeva