Millət vəkili AXCP-nin son durumundan danışdı

Video

04.12.2025 18:21

Noyabrın 30-da DTX-nin evlərində axtarış apardığı AXCP sədri Əli Kərimli və partiyanın funksioneri Məmməd İbrahim bu gün Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə şübhəli şəxs kimi istintaqa cəlb olunublar. Eyni iş üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli şahid qismində dindirilib və sərbəst buraxılıb.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, axtarış zamanı işlə bağlı yeni və diqqətçəkən sənədlər aşkar edilib:

"Bəli, Dövlət Təhlükəsizlik Xidməti Ramiz Mehdiyev işi ilə bağlı olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mənzilində axtarış aparıb. Axtarış nəticəsində Əli Kərimlinin “Milyarderlər İttifaqı” ilə əlaqələrinə dair çoxlu materiallar üzə çıxıb. Eyni zamanda Ramiz Mehdiyevin Moskvaya ünvanlandığı məktubun mətbuatda yayımlanmayan, redaktə olunmuş variantı da tapılan sənədlər arasında olub".

Onun sözlərinə görə, 2013-cü ildə bu qurumun siyasi proseslərə təsir göstərməyə çalışdığı iddia olunub:

"Nəzərə alsaq ki, “Milyarderlər İttifaqı” Rusiyanın layihəsi idi və Abbas Abbasov tərəfindən yaradılmışdı, bu qurumun 2013-cü il prezident seçkilərində hakimiyyətə gəlmək iddiası da mövcud olub. “Milyarderlər İttifaqı”, yəni Rusiya–Azərbaycan təşkilatlarının ittifaqı öz koordinasiya mərkəzini yaratmış, bu mərkəzdə Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli ilə birlikdə 2013-cü ildə Milli Şuranı formalaşdırmışdılar. Həmin Milli Şura əslində anti–Milli Şura kimi fəaliyyət göstərmiş, Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul olmuş və hakimiyyətə gəlmək niyyətini açıq şəkildə ifadə etmişdi".

Deputat qeyd edib ki, faktlar prosesdə əsas əlaqəli fiqurları ifşa edir:

"İndi isə faktlar, sənədlər və arqumentlər təsdiqləyir ki, Əli Kərimli sözügedən layihənin fəal iştirakçılarından biri olub, birbaşa Moskva ilə əlaqədə dayanıb. Bu prosesdə Ramiz Mehdiyev də özünə məxsus de-yure funksiyasını həyata keçirib. Əli Kərimli isə Mehdiyevin idarə etdiyi prosesdə, metaforik deyilsə, “birinci skripka” rolunu oynayıb. Toplanan faktlar və sübutlar bu mətləblərə işıq salır".

Elman Nəsirov vurğulayıb ki, koordinasiya mərkəzinin üzvləri üzrə proses genişlənir və istintaq gedir:

"Artıq həmin koordinasiya mərkəzinin digər üzvü Gültəkin Hacıbəyli də İstanbuldan Bakıya deportasiya edilib. Eyni zamanda, anti-Milli Şuranın sədri Cəmil Həsənli Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb və bu niyyəti reallaşmayıb. O da şahid qismində istintaqa cəlb olunub. Hazırda istintaq prosesi intensiv davam edir".

O, eyni zamanda əlavə edib ki, araşdırmaların nəticəsindən asılı olaraq qərar veriləcək:

"Xalq Cəbhəsi Partiyasının və Milli Şuranın digər üzvlərinin də dövlətə və dövlət hakimiyyətinə qarşı mübarizədə, hakimiyyəti zorla ələ keçirmə və konstitusion quruluşu devirmə cəhdlərində iştirakı ilə bağlı məqamlar araşdırılır. Bu araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi müstəvidə qərarlar qəbul ediləcək".

Parlamentari hesab edir ki, ittihamlar təsdiqlənsə, AXCP-nin bağlanması gündəmə gələ bilər:

"Bu proses eyni zamanda Azərbaycan siyasi sistemində müəyyən dəyişikliklərə səbəb ola bilər. Siyasi partiyaların qanunlara uyğun fəaliyyəti ilə bağlı məsələlər də yenidən aktual şəkildə gündəmə gəlir. Əgər hər hansı partiyanın sədri hakimiyyəti zəbt etməyə yönəlik fəaliyyətin əsas iştirakçılarından biri kimi ittiham edilirsə, Ramiz Mehdiyevlə iş birliyində və Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olmaqda günahlandırılırsa, bu halda tətbiq ediləcək cəza da sərt ola bilər. Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının buraxılması ehtimalı da istisna edilmir".

Elman Nəsirov sonda əlavə edib ki, Azərbaycan hüquqi dövlətdir və bütün məsələlərə hüquqi prizmadan yanaşılır. Əgər bir partiyanın rəhbəri konstitusion quruluşun devrilməsi planlarında fəal iştirakda ittiham olunursa, həmin partiyanın mövcudluğu da ciddi şəkildə sual altına düşür. Güman edilir ki, yaxın zamanda bu məsələlərə də tam aydınlıq gətiriləcək.

Jalə Rövşən

tag: DTX,Milli Şura, Cəmil Həsənli ,AXCP ,Todaypress.tv