Azərbaycanda bu məhsulun qiyməti 5 manatadək BAHALAŞDI
Mal ətinin qiymətindəki
artım bazarlarda kənd toyuğuna tələbatı artırıb. Tələbatın yüksəlməsi isə kənd
toyuğunun qiymətinə də təsir göstərib.
TodayPress TV “Xəzər”
TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun
qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur.
Belə ki, bəzi
rayonlarda əvvəllər 12-13 manata satılan kənd toyuqları hazırda 15 manata təklif
edilir.
İsmayıllı və Tovuzda qiymətlər artıb
İsmayıllıdakı
satıcıların sözlərinə görə, qiymət artımı əsasən son bir ay ərzində baş verib.
Onlar bildirirlər ki, mal ətinin bahalaşmasından sonra kənd toyuğuna maraq və tələbat
nəzərəçarpacaq dərəcədə artıb.
Oxşar vəziyyət
Tovuz bazarında da müşahidə olunur. Burada kənd toyuqlarının qiyməti quşun çəkisi
və ölçüsündən asılı olaraq dəyişir.
Satıcıların
sözlərinə görə, son bir ay ərzində əsasən 1-2 manatlıq artım qeydə alınıb. Bəzi
hallarda isə əvvəllər 5-6 manata satılan kiçik toyuqların qiyməti 12-13 manata
yüksəlib.
Kənd toyuğu ilə
broyleri necə seçməli?
Şirvanda qiymətlər daha münasibdir
Kənd toyuğunun
qiymətindəki artım bütün bölgələrdə eyni səviyyədə deyil.
Şirvan
bazarında məhsulun digər rayonlarla müqayisədə daha münasib qiymətə satıldığı
bildirilir. Satıcılar bunu kənd toyuqlarını vasitəçilərdən deyil, birbaşa kənd
sakinlərindən almaları ilə izah edirlər.
Bakıda kənd toyuğu 12 manata qədər
bahalaşıb
Paytaxt
bazarlarında da kənd toyuğunun qiymətində artım müşahidə olunur.
Burada qiymətlər
quşun ölçüsünə və çəkisinə görə dəyişir. Kənd toyuqları əsasən 8-12 manat və
daha yüksək qiymətə təklif edilir.
Alıcıların sözlərinə
görə, əvvəllər 5-6 manata aldıqları kənd toyuğunu hazırda daha baha qiymətə
almaq məcburiyyətindədirlər.
Bakıda qiymət
artımı ilə yanaşı, bazara çıxarılan kənd toyuqlarının sayında da azalma müşahidə
olunur.
Satıcılar tələbatın
yüksək, təklifin isə az olduğunu bildirirlər. Onların sözlərinə görə, əvvəllər
bazarlara gündə təxminən 1 000 ədəd kənd toyuğu gətirilirdisə, hazırda bu rəqəm
400 ədədə qədər azalıb.
Beləliklə, kənd toyuğuna tələbatın artması və bazara çıxarılan məhsulun azalması qiymətlərin yüksəlməsinə səbəb olan əsas amillər kimi göstərilir.