Kimlər daha tez pensiyaya çıxacaqlar?
Video
03.12.2025 16:53
"Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarlar güzəştli şərtlərlə daha tez pensiyaya çıxmaq imkanlarını genişləndirib və pensiya təyinatı prosedurlarını sadələşdirib".
TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, “Əmək pensiyaları” haqqında Qanunun 9-cu maddəsinə əsasən, xüsusi siyahıda yer alan ağır, zərərli və yeraltı işlərdə azı 12 il 6 ay çalışmış kişilər, eləcə də azı 10 il çalışmış qadınlar üçün yaş həddi 5 il azaldılmaqla pensiya hüququ nəzərdə tutulur. Lakin müəssisələrin bağlanması səbəbindən işəgötürən arayışının əldə edilməsində çətinliklər yaşanırdı və bu, erkən pensiya hüququndan istifadəyə mane olurdu.
"Yeni qaydalarla bu problem aradan qaldırılıb. Artıq arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin çalışdığı peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğunluğu əsasında həmin dövr güzəştli iş stajına daxil ediləcək. Stajın hesablanması “Əmək və Məşğulluq” altsistemindəki müqavilə qeydlərinə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasındakı məlumat və ya dövlət arxivinin arayışı da pensiya təyin olunması üçün yetərli olacaq", - deyə o qeyd edib.
Parlamentari bildirib ki, digər mühüm yenilik pensiya məbləği ilə bağlıdır. Qulluq əlavəsi alan və işləməyə davam edən şəxslər üçün pensiya təyinatı zamanı əməkhaqqı əsasında hesablanan məbləğlə pensiya kapitalına görə hesablanan məbləğ müqayisə ediləcək və hansı yüksəkdirsə, vətəndaşa həmin məbləğ təyin olunacaq. Bu, pensiya məbləğində artım imkanları yaradır.
Vüqar Bayramov diqqətə çatdırıb ki, yeni dəyişikliklər həm erkən pensiya hüququnun reallaşmasını sürətləndirir, həm də vətəndaşların daha sərfəli pensiya məbləğini seçməsinə şərait yaradır. Bu, ümumilikdə pensiya təyinatının daha əlçatan və şəffaf olmasına xidmət edir.
Qiymət Mahir
