Sui-qəsddən sağ çıxdı, “ən güclü”yə çevrildi, səfərlərə çıxmadı — Xamenei kim idi?

Gündəm

02.03.2026 17:39

İranın 37 il ərzində siyasi və dini həyatına istiqamət verən əsas fiqurlardan biri sayılan Ali Dini lider Əli Xameneinin ölümü region və dünya gündəmini dəyişdirən hadisələrdən birinə çevrildi.

Bəs uzun müddət İran siyasətinin mərkəzində qalan Əli Xamenei kim idi və onun hakimiyyəti İranın və regionun taleyinə necə təsir göstərmişdi?

Dini mühitdə yetişən gənc

Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəd şəhərində, əslən Təbrizdən olan ruhani ailəsində dünyaya gəlib. Atası din xadimi idi və bu səbəbdən o da gənc yaşlarından dini təhsil almağa başlayıb. Xamenei əvvəlcə Məşhəddə, daha sonra isə Nəcəfdə təhsil alıb. Sonradan İranın dini mərkəzlərindən biri sayılan Qum şəhərində fəaliyyət göstərib.


Məhz bu dövrdə o, sonradan İran İslam İnqilabına rəhbərlik edəcək Ruhullah Xomeyni ilə tanış olub və onun ideyalarının tərəfdarlarından birinə çevrilib.

Şah rejiminə qarşı fəaliyyət

İran şahı Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə Xamenei Xomeyninin ideyalarını yaydığı üçün təqib olunan şəxslərdən biri idi. Onun siyasi fəaliyyəti nəticəsində altı dəfə həbs edildiyi və işgəncələrə məruz qaldığı bildirilir. Buna baxmayaraq, o, rejimə qarşı fəaliyyətini davam etdirərək dini-siyasi müxalifətin fəal simalarından birinə çevrilmişdi.

1979-cu il inqilabı və hakimiyyətə yüksəliş

1979-cu il İran tarixində dönüş nöqtəsi oldu. Həmin il yanvarın 16-da şah ölkəni tərk etdi, fevralın 1-də Ruhullah Xomeyni sürgündən Tehrana qayıtdı və fevralın 11-də monarxiya devrildi. Beləliklə, İran İslam Respublikası elan edildi.


İnqilabdan sonra Xamenei yeni siyasi sistemdə sürətlə yüksələn fiqurlardan biri oldu. O, İnqilab Şurasında təmsil olundu, parlament üzvü seçildi, müdafiə nazirinin müavini vəzifəsində çalışdı. Eyni zamanda İranın əsas hərbi strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun formalaşmasında da rol oynadı.

Sui-qəsd və prezidentlik

1981-ci ildə Xamenei məsciddə çıxış edərkən ona qarşı sui-qəsd həyata keçirildi. Partlayış nəticəsində o, ağır yaralandı və sağ qolu iflic vəziyyətinə düşdü.


Elə həmin il İranın prezidenti və baş nazirinin öldürülməsindən sonra keçirilən seçkilərdə Xamenei səslərin böyük əksəriyyətini qazanaraq prezident seçildi. Onun prezidentliyi İran tarixinin ən çətin dövrlərindən birinə – səkkiz il davam edən İran-İraq müharibəsi illərinə təsadüf etdi.

Ali liderliyə yüksəliş

1989-cu ildə Ruhullah Xomeyninin vəfatından sonra Əli Xamenei İranın yeni ali dini lideri seçildi. Həmin vaxt onun yaşı 49 idi. Lakin o, ali lider olmaq üçün tələb olunan yüksək dini rütbəyə malik deyildi. Buna görə qısa müddət ərzində ona “Ayətullah” statusu verildi və Konstitusiyada dəyişiklik edildi.


Beləliklə, Xamenei həm dini rütbə qazandı, həm də ölkənin ən ali siyasi-dini postuna yüksəldi. O, bu vəzifədə onilliklər ərzində İranın siyasi sisteminə təsir göstərən əsas fiqurlardan biri oldu. 

Region siyasəti və “müqavimət oxu” 

Xameneinin rəhbərliyi dövründə İran regionda təsir dairəsini genişləndirməyə çalışdı və ABŞ ilə İsrailə qarşı yönəlmiş “müqavimət oxu” adlandırılan geosiyasi xətt formalaşdırdı. Bu siyasət çərçivəsində Livanda “Hizbullah”, İraqda müxtəlif şiə silahlı qrupları, Yəməndə husilər və bəzi fələstin təşkilatları ilə əlaqələr gücləndirildi.


Bu strategiyanın əsas fiqurlarından biri İranın Qüds qüvvələrinin komandiri Qasım Süleymani idi. O, 2020-ci ildə Bağdad aeroportu yaxınlığında ABŞ tərəfindən pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürüldü. Xamenei onun dəfn mərasimində iştirak edərək cənazə namazına rəhbərlik etmişdi. 

Nüvə proqramı və Qərblə qarşıdurma

İranın Qərb dövlətləri ilə münasibətlərində ən mühüm mübahisə mövzularından biri nüvə proqramı olub. Uzun illər davam edən gərgin danışıqlardan sonra Tehran 2015-ci ildə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşmaya imza atdı. 


Lakin 2018-ci ildə ABŞ bu sazişdən çıxdı və İran ilə Qərb arasında gərginlik yenidən artdı.

Etirazlar və daxili gərginlik

Xameneinin uzunmüddətli hakimiyyəti dövründə ölkə daxilində bir neçə dəfə genişmiqyaslı etiraz aksiyaları baş verdi. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən nümayişlər, 2017 və 2019-cu illərdə iqtisadi problemlərə qarşı etirazlar, eləcə də 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan aksiyalar İran cəmiyyətində ciddi siyasi gərginlik yaratdı.

İran hakimiyyəti isə bu hadisələrin arxasında xarici qüvvələrin dayandığını bəyan edirdi.

ABŞ-yə qarşı sərt mövqe

Xameneinin siyasi xəttini xarakterizə edən əsas cəhətlərdən biri onun ABŞ-yə qarşı sərt mövqeyi idi. O, Vaşinqtonu İran üçün əsas geosiyasi rəqib hesab edir və çıxışlarında ABŞ-ni tez-tez tənqid edirdi. Bir çox müşahidəçilərin fikrincə, onun siyasi ritorikasının və xarici siyasət strategiyasının mühüm hissəsi məhz ABŞ-yə qarşı yönəlmiş mövqedən formalaşmışdı.


Sünni dünyası ilə münasibətlər

Xameneini digər İran liderlərindən fərqləndirən cəhətlərdən biri də onun bəzi sünni siyasi hərəkatları ilə münasibətlər qurmağa çalışması idi. Məsələn, Misir və Suriyada fəaliyyət göstərən “Müsəlman Qardaşları” hərəkatının bəzi liderləri ilə əlaqələr saxlaması bu siyasətin nümunələrindən biri kimi göstərilir. Bu yanaşma onun regionda Qərb təsirinə qarşı müxtəlif islamçı qüvvələrlə əməkdaşlıq etməyə çalışdığını göstərirdi.

Xarici səfərlərdən uzaq lider

Xameneinin siyasi davranışında diqqət çəkən məqamlardan biri də onun ali dini lider olduqdan sonra demək olar ki, heç vaxt xarici səfərlərə çıxmaması idi. O, əsasən İrana səfər edən dövlət başçılarını qəbul edir və görüşlərini Tehranda keçirirdi.


Bəzi hallarda isə xüsusi hörmət göstərdiyi qonaqları şəxsən qarşılayırdı. Məsələn, Heydər Əliyevin İrana səfəri zamanı Xameneinin onu protokol qaydalarından kənar şəkildə qarşılaması və onunla Azərbaycan dilində danışması tez-tez xatırlanan epizodlardan biridir.

Ölümü

Onilliklər ərzində İranın siyasi sisteminə və regionun geosiyasi balansına təsir göstərən Əli Xameneinin həyatı dramatik sonluqla başa çatdı. 2026-cı il fevralın 28-də ABŞ və İsrail tərəfindən İranın hərbi və nüvə obyektlərinə endirilən zərbələr zamanı Xamenei öldürüldü. Hücumun İranın nüvə proqramı və regiondakı hərbi fəaliyyətinə cavab olaraq həyata keçirildiyi bildirilir.

Beləliklə, 1989-cu ildən bəri İranın ali dini lideri olan və ölkənin siyasi kursunu müəyyən edən Xameneinin ölümü təkcə İran daxilində deyil, bütün Yaxın Şərqdə yeni və qeyri-müəyyən bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

Qiymət Mahir

tag: Əli Xamenei,İran,Ali dini lider,Sui-qəsd,Seçki,Səfər,Todaypress.tv,