ŞOK! Kriminal hadisələrdə üzərlikdən istifadə olunur?
Gündəm
26.02.2026 13:01
Rusiya Federasiyasının üzərlik bitkisini (Peganum harmala) dövriyyəsi qadağan olunmuş maddələr siyahısına daxil etməsi Azərbaycan vətəndaşları üçün sərhəd-keçid məntəqələrində problemlər yaradır.
Bununla yanaşı ölkəmizdə də Səhiyyə Nazirliyi üzərliyin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər olduğu barədə məlumat yayıb. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir.
Bəs üzərliyin sağlamlığa hansı təsirləri var?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan tibb elmləri doktoru, professor Araz Əliquliyev bildirib ki, üzərliyin narkotik maddə kimi təqdim edilməsi elmi baxımdan əsaslı deyil.

Onun sözlərinə görə, üzərlik əsasən Aralıq dənizi hövzəsində, Cənubi Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə və quraq, kontinental iqlimə uyğun olduğuna görə Rusiyada geniş şəkildə yayılmayıb:
“Üzərliyin tərkibində müxtəlif yağlar mövcuddur və bu yağlar antioksidant xüsusiyyətlərə malikdir. Eyni zamanda, bitkidə monoaminooksidaza inhibitoru (MAO inhibitoru) kimi təsir göstərən maddələr də var. Tibbdə monoaminooksidaza inhibitorları antidepresant kimi istifadə olunur. Bu baxımdan müəyyən təsir mövcuddur. Lakin praktikada hansısa kriminal hadisədə bu bitkidən sui-istifadə edilməsi faktına rast gəlinməyib”.
Professor əlavə edib ki, üzərliyin tərkibində olan harmin və harmalin kimi alkaloidlər MAO inhibitoru xüsusiyyətinə malikdir. Bu maddələr psixoaktiv təsir göstərə bilsə də, daha çox toksiki təsir riski ilə seçilir:
“Xüsusilə digər dərmanlarla birlikdə qəbul edildikdə təhlükəli nəticələr yarana bilər. MAO inhibitorlarının qəbulu dayandırıldıqdan sonra ən azı iki həftə müddətində bəzi psixotrop və antidepresant dərmanların istifadəsi qadağandır və bu maddələr spesifik təsir mexanizminə malikdir. Ancaq üzərliyi digər narkotik maddələrlə eyniləşdirmək düzgün deyil. Bu bitki daha çox qədim dövrlərdən ritual və fitoterapiya məqsədilə istifadə olunub”.
Araz Əliquliyev vurğulayıb ki, üzərliyin kütləvi şəkildə asılılıq yaradan maddə kimi istifadəsi barədə məlumat yoxdur.
Türkan İsgəndərli
tag: Araz Əliquliyev,Professor,Üzərlik,Kriminal,Todaypress.tv,
