“Prezidentin bəyanatları ciddi xəbərdarlıqdır” – Politoloq
Gündəm
06.03.2026 17:36
“Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı bəyanatları regionda təxribat etmək istəyən qüvvələr üçün ciddi xəbərdarlıqdır”.
Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə danışarkən bildirib.

Analitik qeyd edib ki, İran dronlarının Naxçıvana atılmasından sonra baş verən hadisələr və keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən bəyanatlar müəyyən qüvvələri bundan sonra daha ehtiyatlı davranmağa məcbur edə bilər.
“İran bu dronların onların tərəfindən atılmadığını bəyan etdi və rəsmi şəxslər bunu təxribat adlandırdılar. Ancaq hər halda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər hamı üçün kifayət qədər ciddi xəbərdarlıq oldu. İlham Əliyevin güc strukturlarına, xüsusilə də Müdafiə Nazirliyinə verdiyi tapşırıqlar Azərbaycana qarşı təxribat planlaşdıran qüvvələrin bu addımlar barədə ciddi düşünməsinə səbəb olacaq”, - deyə siyasi şərhçi vurğulayıb.
Ekspert hesab edir ki, bundan sonra təkcə İranla sərhəd rayonlarının deyil, ümumilikdə Azərbaycan ərazisinin qorunması üçün tədbirlər gücləndirilməlidir. Hava hücumundan müdafiə sistemi belə qəsd və təxribatların qarşısını almağa hazır olmalıdır.
O əlavə edib ki, baş verən hadisə ordunun digər strukturları üçün də müəyyən nəticələr çıxarmağa səbəb olacaq və gələcəkdə oxşar təxribatların təkrarlanması ehtimalı azalacaq.
“Bu səbəbdən yeni təhlükələr gözlənilmir. Ancaq bölgədə ciddi hərbi qarşıdurma mövcuddur və biz buna hər an hazır olmalıyıq”, - deyə A. Səmədov fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Abutalıb Səmədov,Politoloq,Prezident,Bəyanat,Todaypress.tv,
