Neft bahalaşır: Kommunal xərclər artacaq? – AÇIQLAMA

Gündəm

13.03.2026 11:50

“Neft və qaz qiymətlərinin sürətlə artması ilk növbədə enerji idxal edən ölkələrin iqtisadiyyatına zərbə vurur”. 

Millət vəkili Aydın Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, enerji bahalaşdıqca elektrik enerjisinin, nəqliyyatın və sənaye məhsullarının istehsal xərcləri də artır:   

“Bu isə ümumi inflyasiyanın yüksəlməsinə və əhalinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. Digər mühüm təsir sosial sahədə hiss olunur. Bir çox ölkələrdə əhali kommunal xərclərin və yanacağın bahalaşması ilə üzləşir. Bu vəziyyət xüsusilə aşağı və orta gəlirli ailələr üçün daha ağır nəticələr yaradır”.

Deputat əlavə edib ki, enerji qiymətlərində kəskin dalğalanma bazarda qeyri-müəyyənliyi artırır: 


“Şirkətlər və dövlətlər uzunmüddətli planlama aparmaqda çətinlik çəkirlər. Məhz buna görə də daha sabit və proqnozlaşdırıla bilən enerji qiymətləri həm istehsalçılar, həm də istehlakçılar üçün daha faydalı hesab olunur”.

Parlamentarinin fikrincə, daha balanslaşdırılmış və sabit enerji bazarı qlobal iqtisadi sabitlik üçün vacib amil kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. 


“Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq”, - deyə dövlət başçısı vurğulayıb.   

Türkan İsgəndərli

tag: Neft və qaz qiymətləri,Enerji idxalı,Nəqliyyat,Kommunal xərclər,Todaypress.tv,