Deputat: “Naxçıvanın hədəfə alınması qəbuledilməzdir!”
Gündəm
05.03.2026 15:30
“İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinin hədəfə alınması qətiyyətlə pislənilməli və əsla qəbuledilməz hadisədir”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı artıq Azərbaycan diplomatiyası və ölkənin güc strukturları səfərbər olunub:
“İran ən qısa müddətdə məntiqli və qaneedici izahat verməlidir. Qeyd edildiyi kimi, Azərbaycan cavab vermək hüququnu özündə saxlayır. Mənə elə gəlir ki, heç kim Azərbaycanın güclü ordusunun nəyə qadir olduğunu unutmayıb”.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb - iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat verərək bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini bəyan edib.

Azərbaycanın Müdafiə Nazirliyi isə bəyan edib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

Qiymət Mahir
tag: Deputat,Hikmət Babaoğlu,Naxçıvan,Dron,Hücum,Todaypress.tv,
