BƏƏ Prezidentinin müşaviri: "Region yeni müharibəyə ehtiyac duymur" – MÜSAHİBƏ

Gündəm

02.03.2026 17:47

28 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Baş diplomatik müşaviri doktor Ənvər Qarqaş CNN telekanalına müsahibə verib.

TodayPress TV müsahibəni təqdim edir:

Jurnalist Becky Anderson:

⸻ Bu gün regionda baş verənlər son dərəcədə narahatedicidir. Baş verən son hadisələr və raket hücumları ilə bağlı siz nə düşünürsünüz? 

Dr. Ənvər Qarqaş:

⸻ Təşəkkür edirəm, Beki, çox sağ olun. Bu, həqiqətən də çətinliklərlə dolu tarixi bir andır, Beki. Xüsusilə də burada – Birləşmiş Ərəb Əmirliklərində və bir çox digər ölkələrdə.

Biz bu ssenarinin qarşısını almaq, müharibənin baş verməməsi üçün çox ciddi və səmimi şəkildə çalışmışıq. Bu, uzun müddətdir diplomatiyamızın bir hissəsi idi. Amerikalılarla, iranlılarla və əlbəttə ki, israillilərlə müxtəlif danışıqlarda daim vurğulamışıq ki, müharibə heç nəyi həll etməyəcək və irəliyə doğru yol danışıqlardan keçir.

Təəssüf ki, Beki, bu məsələ region üçün təkrarlanan təhlükədir. İranın nüvə potensialı, raket proqramı və regiondakı siyasəti ilə bağlı problemlər mövcuddur. Lakin məsələ nə qədər mürəkkəb olsa da, bunun real hərbi həlli yoxdur.

Bu gün isə biz konturlarını tam anlamadığımız bir müharibənin başlanğıcını görürük. Bu müharibənin hansı istiqamətdə inkişaf edəcəyini anlamaq üçün müəyyən zaman lazım olacaq.   

Bununla belə, biz yenə də siyasi və danışıqlara əsaslanan həll yoluna çağırış edirik. Danışıqlar masasına qayıtmağa ehtiyac var. Region son on ildə, xüsusilə də son iki ildə çoxsaylı müharibələr görüb. Hazırda gördüyümüz hərbi toqquşmalar problemin həllinin bir hissəsi deyil və danışıqlar masasına qayıdış vacibdir.

Becky Anderson:

⸻ Doktor Ənvər Qarqaş, sizdən soruşmaq istəyirəm: ABŞ Prezidentinin “böyük hərbi əməliyyat” kimi təsvir etdiyi bu hadisə ilə bağlı BƏƏ-yə əvvəlcədən hər hansı məlumat verilmişdimi?

Dr. Ənvər Qarqaş:

⸻ Xeyr. Digər ölkələr kimi biz də müharibə ehtimalının getdikcə daha aydın şəkildə yaxınlaşdığını görürdük. Bu, əsasən danışıqların nəticələri ilə bağlı idi. 

Danışıqların gedişində müxtəlif şərhlər var idi. Bəziləri kifayət qədər optimist idi, digərləri isə pessimist. Lakin biz Cenevrədə aparılan danışıqların bir növ çıxılmaz nöqtəyə çatdığını gördükdə, açığını desəm, hamımızın qorxduğu anın yaxınlaşdığını hiss edirdik.   

Bu, hamımızın qarşısını almaq üçün çox çalışdığımız bir ssenari idi.

Becky Anderson:

⸻ Siz Körfəz Əməkdaşlıq Şurasının cavab tədbirlərini gözləyirsinizmi? Həmçinin ABŞ Prezidentinin birbaşa “rejim dəyişikliyi” çağırışı olmasa da, İran xalqını hökumətə qarşı ayağa qalxmağa çağıran bəyanatları barədə nə düşünürsünüz?

Dr. Ənvər Qarqaş:

⸻ İranın gələcək istiqaməti və taleyi iranlıların özlərinin qərar verəcəyi məsələdir. Mənim bu barədə spekulyasiya etməyim düzgün olmaz. 

Bizim vəzifəmiz ABŞ ilə, eləcə də İran kimi qonşularla birlikdə regionun sabitliyini və təhlükəsizliyini təmin etmək üçün çalışmaqdır.

Aydındır ki, bu dəfə biz uğur qazana bilmədik. Amma indi də hələ tam anlamadığımız bir müharibənin içindəyik və onun necə inkişaf edəcəyini söyləmək çox tezdir.

BƏƏ bir daha açıq şəkildə danışıqlara qayıtmağa çağırır. Biz bu münaqişənin genişlənməsindən və qonşu ölkələri də əhatə edəcək şəkildə böyüməsindən son dərəcə məyusuq və bunu pisləyirik. 

Xüsusilə də qeyd etmək lazımdır ki, həmin qonşu ölkələr bu vəziyyətin qarşısını almaq üçün çox çalışmışdılar. 

Eyni zamanda hamımız anlayırıq ki, region hazırda ölçülərini tam anlamadığımız bir hərbi qarşıdurmadan qorunmalıdır.

Məhz buna görə də bizim mövqeyimiz iki istiqamətlidir.

Birincisi, danışıqlar və siyasi prosesə geri dönüşdür. Düşünürəm ki, bu, təkcə BƏƏ-nin deyil, ümumilikdə region ölkələrinin kollektiv mövqeyidir.

İkincisi isə Birləşmiş Ərəb Əmirliklərini qorumaqdır. Bu istiqamətdə də lazımi tədbirlər görülür. Fövqəladə vəziyyət planlarımız mövcuddur, hava müdafiə sistemlərimiz öz işini çox yaxşı yerinə yetirib.

Biz BƏƏ-ni və burada yaşayan hər kəsi qorumağa davam edəcəyik. Bu gün bizim əsas prioritetlərimiz məhz bunlardır.

Biz hər iki istiqamətdə fəaliyyət göstəririk. Amma ətrafımızda baş verən hadisələrin daha böyük bir fırtına kimi olduğunu da başa düşürük.

Regionun yeni bir müharibəyə və daha geniş hərbi qarşıdurmaya ehtiyacı yoxdur.

Qiymət Mahir

TodayPress TV

tag: Ənvər Qarqaş,Müsahibə,Becky Anderson,BƏƏ,Baş diplomatik müşavir,Todaypress.tv,