Bakıdan Tehrana "Dəmir Yumruq" xəbərdarlığı: "Peşman olacaqlar!"

Gündəm

05.03.2026 17:49

"İslam dininin dünyada terror dini olaraq tanınmasına xidmət edən molla rejimi artıq çürüyüb, getməlidir!". 

Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 


Deputat qeyd edib ki, İranın molla rejiminin bu gün Azərbaycan ərazisinə – Naxçıvana dron və raket hücumu həyata keçirərək növbəti dəfə Azərbaycan dövlətinə qarşı terror aktı törətməsi cavabsız qalmayacaq:  

“Bu cür hücumlar İranın molla rejiminin çirkin sifətinin növbəti göstəricisidir. Artıq Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırıb və məsələyə münasibət bildirib. Bütün Azərbaycan Silahlı Qüvvələrinin səfərbərliyə alındığını, hər hansı növbəti addımın qarşısının alınması üçün lazımi cavabların veriləcəyini bildirib".     

Parlamentari diqqətə çatdırıb ki, Azərbaycan dövləti bütün qonşularla, o cümlədən İranla da normal və sülh şəraitində münasibətlərin qorunmasında maraqlıdır və bunu həm sözlə, həm də əməldə sübut edib. Lakin 30 il ərzində torpaqlarımızın işğal altında olduğu dövrdə İrandan xəyanət və işğalçılara dəstək görmüşük. 

“Adında “islam” sözü olan bu molla rejimi əslində İslam dininin dünyada terror dini olaraq tanınmasına xidmət edib.  Bu rejim artıq çürüyüb və getməlidir. Azərbaycana qarşı bu cür xəyanətkar hücumlar onun düzəlməyəcəyini göstərir. Diplomatik addımlar artıq atılıb və İran törətdiyi hücumlardan ciddi şəkildə peşman olacaq.

Bu hadisə həm də göstərir ki, molla rejimi süquta uğrayıb. Qonşuları ilə münasibətlərini pozub, xüsusilə İslam dövlətləri ilə düşmənçilik edir. Sağa-sola raketlər atmaqla və terror aktları törətməklə öz süqutunu sürətləndirir", - deyə deputat vurğulayıb.  

A.Əlizadə eyni zamanda, əlavə edib ki, İranda yaşayan soydaşlarımızın taleyi Azərbaycan dövləti üçün ciddi narahatlıq doğurur:   

"Nəticə etibarilə, Azərbaycan necə ki, bundan əvvəl düşmənlərinin başına “Dəmir yumruq” endirilməklə nəticə əldə etmişdisə, İranın da bu hərəkətlərinə qarşı lazımi addımlar atacaq".  

Qeyd edək ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.  


Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Ardınca Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda İranın hücumu müzakirə olunub. 

Jalə Rövşən

TodayPress TV

tag: Arzuxan Əlizadə,Deputat,Bakı,Tehran,Todaypress.tv,