Azərbaycan "Qlobal bloklanma"da yeganə "NƏFƏSLİK" kimi...
Gündəm
06.03.2026 13:13
Qlobal miqyasda artan gərginlik, regional münaqişələr və təhlükəsizlik riskləri beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin əhəmiyyətini daha da artırır.
Xüsusilə Rusiya və İran istiqamətlərində yaranan risklər fonunda regionda sabit və etibarlı keçid marşrutlarının sayı xeyli azalıb.

Belə bir şəraitdə Azərbaycan strateji coğrafi mövqeyi və nəqliyyat dəhlizləri ilə Şərq və Qərb, eləcə də Şimal və Cənub arasında mühüm kommunikasiya qovşağı kimi ön plana çıxır.
Ekspertlər hesab edir ki, mövcud qlobal vəziyyətdə Azərbaycan region üçün faktiki olaraq əsas “nəfəslik” rolunu oynayır.
Siyasi şərhçi Əziz Əlibəyli bu barədə TodayPress TV-yə danışıb.

O bildirib ki, şimal istiqamətində – Rusiyanın, cənub istiqamətində isə İranın hava məkanında ciddi təhlükəsizlik riskləri mövcuddur:
"Bu şəraitdə faktiki olaraq regionda fəaliyyət göstərən yeganə sabit marşrut Qafqaz dəhlizidir. Bu baxımdan Azərbaycanın rolu aydındır. Hətta dünən baş verən dron zərbələri də regionun nə qədər həssas və strateji əhəmiyyətə malik olduğunu daha aydın şəkildə göstərdi".
Analitik vurğulayıb ki, şərqlə qərb, şimalla cənub arasında Azərbaycanın vasitəçi rolu mühümdür:

"Ölkənin mühüm nəqliyyat dəhlizlərinə və kommunikasiya xətlərinə sahib olması indi daha yaxşı başa düşülür. Eyni zamanda müharibələrin taleyi onların başlanğıcında heç vaxt tam məlum olmur və bu barədə dəqiq proqnoz vermək çətindir. Biz bunu Rusiyanın timsalında da gördük".
Ə.Əlibəyli diqqətə çatdırıb ki, Azərbaycan regionda əsas sabit keçid qovşağıdır:
"Ən pessimist ssenari ilə belə düşünsək ki, bu müharibə qısa müddətdə başa çatmayacaq və uzun müddət davam edə bilər, bu halda regionda Azərbaycanın oynayacağı rol da aydın görünür. Azərbaycan şərq və qərb arasında yerləşən ən mühüm, sabit və etibarlı kommunikasiya qovşaqlarından biri kimi çıxış edir".
Beləliklə, mövcud geosiyasi şəraitdə Azərbaycan təkcə region üçün deyil, qlobal kommunikasiya və logistika sisteminin davamlılığı baxımından da mühüm rol oynayan əsas keçid qovşaqlarından biri kimi dəyərləndirilir.
Jalə Rövşən
tag: Əziz Əlibəyli,Politoloq,Azərbaycan,Rusiya,İran,Qovşaq,Todaypress.tv,
