Azərbaycan-İran ticarətində "UÇURUM”: İtirən Tehran oldu!
Gündəm
06.03.2026 14:36
“İran-Azərbaycan arasındakı mövcud iqtisadi dövriyyə Azərbaycan iqtisadiyyatı üçün hər hansı risk yaratmır”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov TodayPress TV-yə açıqlamasında deyib.

Deputat qeyd edib ki, 2025-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 644 milyon dollar olub, onun 624 milyon dollarlıq hissəsi İrandan idxaldır:
“Azərbaycan-İran ticarətində 604 milyon dollarlıq mənfi saldo mövcuddur. Bu o deməkdir ki, ticarət dövriyyəsində sözsüz qazanan tərəf İrandır, çünki İran daha çox məhsulunu Azərbaycana ixrac edir. Azərbaycanın İrana ixracı isə illik cəmi 20 milyon dollardır”.
Parlamentari hesab edir ki, bu kontekstdən baxdıqda, İran Azərbaycanın iqtisadi əlaqələrinin dərinləşməsində və münasibətlərin qorunub saxlanılmasında maraqlı olmalı və riyakar siyasətə son qoymalıdır:
“Son hadisələr göstərir ki, İran iqtisadi inkişaf və əlaqələrin genişləndirilməsində yox, əksinə əvvəllər həyata keçirilmiş siyasətin davam etdirilməsində maraqlıdır”.
Qeyd edək ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Jalə Rövşən
tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,İran,Todaypress.tv,
