İmtahanda uğursuz nəticə göstərən şagirdlərlə necə davranmalıyıq? – Psixoloq rəyi
“İmtahanda aşağı bal yığmaq, bir çox şagird üçün emosional və psixoloji baxımdan ağır təcrübə ola bilər”.
Bu barədə psixoloq Şərəbanu Abbasova TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, imtahanda aşağı nəticə göstərən şagirdlərin özünə inamı azalır, onlarda gələcəyə qarşı ümidsizlik və sosial münasibətlərdə çətinliklər müşahidə olunur:
“Az bal yığan uşaqlar çox vaxt özlərini günahlandırır. "Zəhmətim boşa getdi", "Mən ağıllı deyiləm", "Hamıdan geri qaldım" kimi düşüncələr onların psixikasına mənfi təsir edir. Bu isə davamlı olduqda daha dərin psixoloji travmalara gətirib çıxara bilər".
Psixoloq bildirib ki, imtahan nəticəsi uşağın dəyərini müəyyən etməməlidir:
“Təəssüf ki, bəzi valideynlər və müəllimlər az bal yığmağı uğursuzluq kimi qəbul edir. Halbuki bu, uşağın psixologiyasını daha da çökdürə bilər. Valideynlər bu kimi hallarda "Sənin səylərin bizim üçün önəmlidir", "Bu sadəcə bir mərhələdir", "Birlikdə çətinlikləri araşdıraq" kimi motivasiyaedici yanaşmalar sərgiləməlidirlər".
Psixoloq əlavə edib ki, aşağı nəticə göstərən şagirdlər bəzən dostları arasında özlərini utanc içində hiss edir, bu isə sosial təcridə səbəb ola bilər. Onun sözlərinə görə, "Mən bacarmadım" düşüncəsi uşağın daxili aləmini zəbt edir və bu hiss uzun müddət davam edə bilər.
"Belə hallarda məktəb psixoloqunun və pedaqoji heyətin rolu böyükdür. Emosional dəstək görüşləri, motivasiya yönümlü məşğələlər və şəxsi inkişaf proqramları uşağın yenidən toparlanmasına kömək edə bilər".
Qeyd edək ki, hər il qəbul imtahanlarında uğursuz nəticə göstərən abituriyentlərin bir çoxu psixoloji sarsıntı keçirir. Bu, onların həyatı üçün risk yaradır.
Türkan İsgəndərli
tag: Şərəbanu Abbasova,Psixoloq,İmtahan,Uşaq,Todaypress.tv,
