Sepah hakimiyyəti parçalandı - İxtilaflar mediaya sızdı
İranın nüvə danışıqlarının keçmiş rəhbəri və Ali Rəhbərin Milli Təhlükəsizlik üzrə nümayəndəsi Səid Cəlili müharibənin başa çatdırılmasının və ölkənin yeni müharibə təhlükəsindən xilas olmasının vacibliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Iran Watcher" məlumat yayıb.
Bildirilir ki, ABŞ və İsraillə qarşıdurmanın ən qətiyyətli tərəfdarlarından biri kimi tanınan Cəlilinin bu mövqeyi diqqət çəkib. O, əvvəllər Qərblə güzəştlərə qarşı çıxır, hərbi müqavimətin İranın rəqiblərini geri çəkilməyə məcbur edəcəyini müdafiə edirdi.
Son bəyanatı isə İranda müharibənin davam etdirilməsi ilə bağlı yanaşmaların dəyişə biləcəyinə dair müzakirələri gücləndirib.
İran müharibə zamanı yüksək vəzifəli şəxslərini itirib, hərbi infrastrukturu ciddi zərər görüb. Eyni zamanda, iqtisadi çətinliklər, inflyasiya və milli valyutanın dəyərdən düşməsi ölkəyə təzyiqi artırıb.
Hakimiyyət daxilində də ABŞ ilə danışıqların aparılması və müharibənin gələcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilir.
Cəlilinin açıqlaması onun İranın ideoloji xəttindən imtina etdiyi anlamına gəlmir. Bununla belə, müharibənin başa çatdırılması və gələcək hücumların qarşısının alınması məsələsinin sərt xətt tərəfdarları üçün də əhəmiyyət qazandığını göstərir.
Türkan İsgəndərli