Rusiyada yeni səfərbərlik dalğası: Borclular və işsizlər orduya cəlb olunacaq
Rusiya Ukraynada davam edən müharibə üçün əsgər çatışmazlığını aradan qaldırmaq məqsədilə gizli səfərbərlik üsullarına əl ata bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.
Məlumata görə, Kreml genişmiqyaslı səfərbərlik elan etmək əvəzinə, iqtisadi çətinliklərlə üzləşən kişiləri hərbi müqavilə imzalamağa yönləndirə bilər.
Bildirilir ki, borclarını ödəyə bilməyən şəxslərin, işsizlərin və təhsilində çətinlik yaşayan tələbələrin hədəfə alına biləcəyi bildirilir. Bəzi mənbələr bu prosesin artıq başladığını iddia edir.
“The Economist” yazır ki, Rusiya hakimiyyəti ictimai narazılığa səbəb ola biləcək açıq səfərbərlikdən yayınmağa çalışır. Bunun əvəzinə regional hakimiyyət orqanları və iri şirkətlər vasitəsilə hərbi müqavilə imzalayanların sayının artırılması nəzərdə tutula bilər.
Məqalədə həmçinin səfərbərlik ehtimalı ilə əlaqədar bəzi rusiyalı kişilərin ölkəni tərk etdiyi, Gürcüstan və Ermənistan istiqamətində hərəkətliliyin artdığı qeyd olunur.
Rusiya hakimiyyəti isə yeni səfərbərliklə bağlı iddiaları rədd edərək, yayılan məlumatları “informasiya hücumu” adlandırır.
Türkan İsgəndərli