ABŞ-də miqrasiya siyasəti dəyişə bilər - SORĞU

ABŞ-də miqrasiya siyasəti dəyişə bilər - SORĞU
04.09.2026 11:24 Dünya

ABŞ-də aparılan yeni sorğu ölkədə miqrasiya məsələsi ilə bağlı Demokratlar və Respublikaçılar arasında ciddi fikir birliyinin olduğunu göstərib.

TodayPress TV xəbər verir ki, Merilend Universitetinin İctimai Məsləhətləşmə Proqramının araşdırmasına əsasən, uzun illərdir ABŞ-də yaşayan və cinayət törətməyən sənədsiz miqrantlara müəyyən şərtlərlə qanuni status verilməsi hər iki partiyanın seçiciləri tərəfindən dəstəklənir.

Sorğuda iştirak edənlərin fikrincə, belə şəxslər cərimə ödəmək və üzərlərinə düşən vergiləri vermək şərtilə qanuni rezident statusu ala bilməlidirlər.

ABŞ-yə uşaq yaşlarında qanunsuz yollarla gətirilən və ciddi cinayət törətməyən şəxslərə isə vətəndaşlıq yolu açılması təklifinə də həm Demokratlar, həm də Respublikaçılar arasında əksəriyyət dəstək verib.

Bunun əksinə olaraq, cinayət törətmiş sənədsiz miqrantların ölkədən deportasiya edilməsi hər iki partiyanın seçiciləri tərəfindən böyük ölçüdə dəstəklənib.

Sorğu iştirakçıları iş məqsədilə ABŞ-yə qanunsuz gələn miqrantların sayını azaltmaq üçün iki əsas tədbiri dəstəkləyib:

İşəgötürənlər yeni işçilərin qanuni statusunu E-Verify sistemi vasitəsilə yoxlamalıdır.

Əmək bazarındakı tələbatdan asılı olaraq iş vizalarının sayı artırılmalıdır.

Bu təklif ölkənin bütün sorğulanan rəqabətli ştat və konqres dairələrində həm Demokratlar, həm də Respublikaçılar arasında əksəriyyət tərəfindən dəstəklənib.

Sorğuda ABŞ-də sığınacaq istəyən şəxslərin məhkəmə prosesləri üçün illərlə gözləməsinin qarşısının alınması məsələsi də araşdırılıb.

İştirakçıların əksəriyyəti sığınacaq işlərinə baxan hakim və digər əməkdaşların sayının artırılmasını dəstəkləyib.

Araşdırma 2026-cı ilin may-iyun aylarında 11 rəqabətli ştat və 28 konqres dairəsində 19 mindən çox insan arasında keçirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər