Qara Şəhəri Ağ Şəhərə çevirdik - Prezident Azərbaycanın inkişaf ölçüsünü açdı
“Bakıda vaxtilə güclü çirklənməyə məruz qalan və elə bu səbəbdən də "Qara şəhər" adlandırılan ərazinin əvəzində bu gün müasir şəhərsalma modelinə əsaslanan "Ağ şəhər" yaradılıb. Bu, şəhər daxilində yeni bir şəhərdir”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı paytaxtın müasir inkişaf layihələrindən bəhs edərək, Bakının ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində son illərdə mühüm addımların atıldığını diqqətə çatdırıb:
“Şəhərsalmanın digər bir uğurlu nümunəsi isə "Sea Breeze" kurort şəhərciyidir. Son 20 ildə biz Bakıda 100 park və meydan yaratmışıq, mövcud olan 90-ı isə tamamilə yenidən qurulub. Bu gün paytaxtımızda ictimai nəqliyyata sürətli çıxışı olan, yeraltı metrosu və elektrik enerjisi ilə işləyən müasir avtobusları fəaliyyət göstərən, ekoloji cəhətdən təmiz bir şəhər mühiti formalaşdırılır. Bütün bunlar paytaxt üçün vahid bir konsepsiya çərçivəsində həyata keçirilir”.
Ölkə rəhbəri bu sahədə qazanılan təcrübələrin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlığın önəmini qeyd edib:
“Bu mühüm toplantı və BMT-dən olan tərəfdaşlarımızın, eləcə də çoxsaylı qonaqlarımızın təcrübəsi hər birimizə bir-birimizdən öyrənməyə, müsbət addımları mənimsəməyə, həmçinin keçmişdə yol verilən səhvlər barədə danışmağa kömək edəcək. Hesab edirəm ki, şəhərsalma prosesində edilən səhvlər artıq geridə qalıb. Mən bütün qonaqlara Bakıda xoş günlər keçirməyi arzu edir, Ümumdünya Şəhərsalma Forumunun işinə uğurlar diləyirəm”.
Qiymət Mahir