“Formula-1” əfsanəsinin zəiflədiyi iddia olundu
Keçmiş “Formula-1” pilotu Kristian Danner yeddiqat dünya çempionu Lyuis Hemiltonun artıq karyerasında maksimum həddə çatdığını və Şarl Leklerlə eyni tempi saxlamaqda çətinlik çəkdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Danner britaniyalı pilotun yaş amilinin onun sürətinə təsir etdiyini deyir:
“Lekler artıq müasir dövrün etalon pilotlarından biridir. Elə bir məqam gəlir ki, sən əvvəlki tempi qoruyub saxlaya bilmirsən. Bir vaxtlar Gerhard Berger mənə etiraf etmişdi ki, müəyyən yaşdan sonra əvvəlki sürətlə yarışmaq mümkün olmur. O hələ də sürətli idi və hətta Qran-pri qazanırdı, amma o xüsusi toxunuş artıq yox idi.
Hər kəs sonda öz limitinə çatır. Limitdən yuxarı çıxmaq üçün isə xüsusi instinkt lazımdır. Elə an olur ki, döngəyə girirsən və düşünmədən növbəti hərəkəti əvvəlcədən hiss edib qazı sona qədər basırsan. Yaş artdıqca bu hissləri əvvəlki kimi idarə etmək çətinləşir”.
Qeyd edək ki, 41 yaşlı Lyuis Hemilton hazırda “Ferrari” komandasında çıxış edir.
Namiq HUN