Albersdən Ferstappenə sensasion çağırış
Keçmiş “Formula-1” pilotu Kristian Albers dördqat dünya çempionu Maks Ferstappenə gələcəkdə “Ferrari” komandasına keçməyi tövsiyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “GPblog” nəşri məlumat yayıb.
Albers niderlandlı pilotun Mixael Şumaxerin yolunu təkrarlayaraq “Ferrari”də yeni çağırış qəbul etməsinin maraqlı olacağını bildirib:
“Əgər ona məsləhət verməli olsam, “Formula-1”i tez tərk etməməyi deyərdim. Çünki bundan sonra həyat çox darıxdırıcı ola bilər. Mən istəyərdim ki, o, daha bir mövsüm “Red Bull”da qalsın, sonra isə 2028-ci ildə “Ferrari”yə keçsin.
Düşünürəm ki, Maks artıq Şumaxer kimi böyük bir çağırışı qəbul edə biləcək səviyyəyə çatıb. Həqiqətən inanıram ki, o, “Ferrari”də fərq yarada bilər”.
Qeyd edək ki, Ferstappen hazırda “Red Bull Racing” komandasının əsas pilotudur və “Formula-1”də dörd dünya çempionluğu qazanıb.
Namiq HUN