Boqotanın 8 milyonluq uğur sirri: Şəhəri necə planlamalı?
“Şəhərsalma məşğulluq, nəqliyyat və qayğı sistemləri ilə birlikdə düşünülməlidir”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bütün qadınlar və qızlar üçün adekvat mənzilə aparan yollar və imkanlar” adlı paneldə “LACplan” təşkilatının icraçı direktoru Maria Mersedes Xaramilyo Qarses deyib.
O bildirib ki, 8 milyon əhalisi olan Boqota kimi şəhərin planlaşdırılması yalnız mənzil siyasəti ilə məhdudlaşmır:
“Mənzil siyasəti məşğulluq, nəqliyyat sistemləri və qayğı xidmətləri ilə birlikdə planlaşdırılmalıdır. Boqotada şəhərsalma siyasətində qayğı anlayışının əsas prinsipə çevrilməsi üçün şəhər daxilində 30 şəhər modelinin hazırlanması həyata keçirilib. Bu yanaşma həm universitetlərə, xəstəxanalara və iş mərkəzlərinə çıxışı yaxşılaşdırmağa, həm də yaxınlıq prinsipi əsasında hərəkətlilik sistemini formalaşdırmağa imkan verib”.
O qeyd edib ki, Boqotanın gender yönümlü əsas yeniliklərindən biri “qayğı məhəllələri” modelidir:
“Bu məkanların şəhər daxilində yaradılan 30 şəhərin mərkəzinə çevrilməsi nəzərdə tutulur”.
Maria Mersedes Xaramilyo Qarses əlavə edib ki, bu nəticələrin əldə olunmasında iştirakçılıq mexanizmləri mühüm rol oynayıb, lakin təkcə bununla kifayətlənmək olmaz:
“Böyük şəhərləri planlaşdırarkən yalnız müxtəlif maraq qrupları ilə ayrı-ayrı müzakirələr aparmaq kifayət etmir”.
Qiymət Mahir