Bakının addımına qlobal münasibət: “Strategiya ilk dəfə forumdan əvvəl yayımlandı”
“İnklüzivlik sadəcə fiziki əlçatanlıq və ya normativ tələblərə uyğunluq deyil, şəhər siyasətini, dizaynını və idarəetməni formalaşdıran bütöv bir prinsip kimi qəbul edilməlidir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa” sessiyasında Qlobal Əlillik İnnovasiya Mərkəzinin Tədqiqat və Çatdırılma üzrə rəhbəri Mikaela Patrik deyib.
M.Patrik qeyd edib ki, şəhərlərdə inklüziv və əlçatan mənzil siyasətini dəstəkləyən bir sıra qlobal çərçivələr mövcuddur:
“BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqları Konvensiyası bizim əsas istinadlarımızdan biridir. Xüsusilə 9-cu maddə (əlçatanlıq), 19-cu maddə (müstəqil yaşamaq) və 28-ci maddə (adekvat həyat səviyyəsi) bu sahədə mühüm hüquqi baza yaradır. Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə SDG 11, şəhərlərdə inklüzivlik və əlçatanlığın qlobal prioritet kimi qəbul olunmasını təmin edir. Bu sənədlər şəhərlərin inkişafında inklüzivlik və əlçatanlığın əsas istiqamət kimi götürülməsi üçün çərçivə yaradır”.
Qlobal Əlillik İnnovasiya Mərkəzinin nümayəndəsi, həmçinin BMT-nin yeni əlillik inklüzivliyi strategiyasına da toxunub:
“Burada əsas məqsəd BMT sistemi ilə Əlilliyi Olan Şəxslərin Təşkilatları (OPDs) arasında əməkdaşlığın gücləndirilməsidir. Hazırda mühüm bir qiymətləndirmə mərhələsi davam edir. Biz həm Yeni Şəhər Gündəliyinin orta müddətli icmalındayıq, həm də SDG 11 üzrə hesabat və qiymətləndirmə prosesi aparılır. Bu, harada olduğumuzu və nə etməli olduğumuzu yenidən dəyərləndirmək üçün vacib dövrdür”.
Mikaela Patrik çıxışında Bakıda görülən işləri də yüksək qiymətləndirib:
“Bu il Ümumdünya Şəhərsalma Forumunda ilk dəfə olaraq əlçatanlıq strategiyası forumdan əvvəl açıq şəkildə yayımlandı. Həmçinin “Accessibility 2030 Pavilion” “Urban Expo” daxilində ikinci dəfə təşkil olunaraq əlillik və inklüzivlik üçün xüsusi platforma rolunu oynayır”.
Qiymət Mahir