İsrail Livanı bombalamağa davam edir
İsrail ordusu Livanın cənubundakı Sur şəhəri ətrafında “Hizbullah” infrastrukturuna qarşı yeni zərbələrə başladığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bundan əvvəl İsrail bölgə sakinlərinə təxliyə çağırışı edib.
Məlumata görə, İsrail ordusu Livanın Zahrani çayından cənubda yerləşən bütün əraziləri, o cümlədən Sur şəhərini “döyüş zonası” elan edib və İranın dəstəklədiyi “Hizbullah”a qarşı əməliyyatlar öncəsi əhalidən bölgəni tərk etməyi istəyib.
Bu, aprelin 17-də əldə olunan atəşkəsdən sonra verilən ilk genişmiqyaslı xəbərdarlıq olub. Çağırış müsəlmanların Qurban bayramını qeyd etdiyi günlərə təsadüf edib.
İsrail ordusu cümə axşamı Sur şəhərinin bəzi hissələrinin sakinlərinə yenidən müraciət edərək “Hizbullah”a qarşı “qətiyyətli tədbirlər görməyə məcbur olduqlarını” bildirib. Daha sonra “Telegram” kanalında yayılan açıqlamada təşkilatın infrastrukturunun hədəfə alındığı qeyd olunub.
Livanın dövlət xəbər agentliyi NNA Sur şəhərinə və onun şərqindəki ərazilərə iki dəfə hava zərbəsi endirildiyini, nəticədə bir binanın vurulduğunu və yanğın baş verdiyini açıqlayıb.
İsrail bu həftə Livanda əməliyyatları genişləndirəcəyini bildirib. “Hizbullah” isə döyüşçülərinin İsrail ordusu ilə ölkənin cənubunda İsrailin elan etdiyi “sarı xətt”dən kənarda toqquşduğunu bəyan edib.
İsrail ordusunun baş qərargah rəisi general-leytenant Eyal Zamir “Hizbullah”a daha ağır zərbələr endirmək üçün əməliyyatların gücləndirildiyini deyib.
Məlumata görə, cümə günü Pentaqonda Livan və İsrail hərbi nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək. Gələn həftə isə hərbi əməliyyatların dayandırılması məqsədilə birbaşa danışıqların yeni mərhələsi planlaşdırılır.
Qiymət Mahir