Vaşinqtondan Riyada soyuq duş - "Vaxtında yanımızda olmadınız..."
Yəməndə husilərin strateji mövqelərini genişləndirməsi və Qırmızı dəniz sahilində nəzarət imkanlarını artırması bölgədə təhlükəsizlik risklərini yenidən gündəmə gətirib.
Səudiyyə Ərəbistanı husilərə qarşı ABŞ-dən hərbi zərbə endirməsini istədi, lakin ABŞ Prezidenti Donald Tramp bu tələbi rədd etdi.
Trampın husilərə qarşı birbaşa hərbi müdaxilədən imtina etməsinin arxasında hansı amillər dayanır? ABŞ-nin bu mövqeyi husilərin Yəməndə və xüsusilə Bab əl-Məndəb ətrafında mövqelərini daha da möhkəmləndirməsinə şərait yarada bilərmi?
Sözügedən mövzu ilə bağlı suallarımızı Güney azərbaycanlı politoloq Məhəmməd Rəhmanifər cavablandırıb.

Politoloq ilk növbədə husiləri İranın bölgədəki uzantısı, proksi qüvvəsi kimi qiymətləndirmək lazım olduğunu diqqətə çatdırıb:
"İranda bunlar üçün “niyabəti”, Türkiyədə isə “uydu” ifadəsi işlədilir. Mahiyyət etibarilə husilər İranın bölgədəki maraqlarını həyata keçirən qüvvələrdən biridir. Bu gün Bab əl-Məndəbdə baş verənləri Hörmüz boğazında yaşanan proseslərdən ayrı qiymətləndirmək olmaz. Hər iki istiqamət eyni geosiyasi xəttin tərkib hissəsidir. Belə bir vaxtda Bab əl-Məndəbə nəzarət uğrunda addımların atılması İranın dəstəyi və maraqları ilə əlaqələndirilə bilər. Tehran xüsusilə neft qiymətlərinin yüksəlməsində, bunun ABŞ-də bahalaşma və ictimai narazılıq yaratmasında maraqlı ola bilər. Bu isə Trampın seçki kampaniyasına mənfi təsir göstərmək məqsədi daşıya bilər".
Analitik vurğulayıb ki, Bab əl-Məndəb də Hörmüz boğazı kimi dünya iqtisadiyyatı üçün mühüm strateji dəniz keçididir. Bu səbəbdən həmin marşrut üzərində nəzarət uğrunda mübarizə təsadüfi deyil və qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər.
O, Trampın Səudiyyə Ərəbistanının husilərə qarşı mübarizəsinə birbaşa dəstək verməkdən imtina etməsini iki əsas səbəblə izah edib:
"Birinci səbəb ABŞ-nin İranla qarşıdurmada müttəfiqlərindən və ərəb ölkələrindən gözlədiyi səviyyədə dəstək almaması ilə bağlı ola bilər. Ərəb dövlətləri İranın mümkün hücumlarından narahat olsalar da, Vaşinqtonun Tehrana qarşı siyasətində tam şəkildə önə çıxmadılar. Əksinə, bəzi ölkələr İranla əlaqə saxlayaraq öz ərazilərinə mümkün hücumların qarşısını almağa çalışdılar.
Bu baxımdan Trampın mövqeyi Səudiyyə Ərəbistanına mesaj da ola bilər: ABŞ-nin dəstəyinə ehtiyac varsa, Vaşinqtonun ehtiyac duyduğu məqamda ABŞ-nin yanında dayanmaq lazımdır.
İkinci səbəb isə seçkilərlə bağlı ola bilər. Bab əl-Məndəb ABŞ üçün strateji əhəmiyyət daşısa da, Tramp Hörmüz boğazı məsələsi həll olunmamış yeni hərbi qarşıdurmaya cəlb olunmaq istəməyə bilər. Xüsusilə seçkilər ərəfəsində ABŞ ictimaiyyətində Trampın ölkəni bir müharibədən çıxarmadan digərinə cəlb etdiyi görüntüsünün yaranması onun üçün siyasi baxımdan ciddi risk yarada bilər".
Rəhmanifər seçkilərdən sonra vəziyyətin dəyişə biləcəyini əlavə edib:
"ABŞ və İsrailin Bab əl-Məndəbin uzun müddət bağlı qalmasına və ya husilərin nəzarətində olmasına razılaşacağı real görünmür. Bu səbəbdən seçkilərdən sonra Vaşinqtonun və Tel-Əvivin Bab əl-Məndəb istiqamətində daha sərt addımlar atması mümkündür".
Jalə Rövşən