Ukraynaya yardım, Rusiyaya jestlər: Vaşinqton nə planlaşdırır?

Təhlil

08.12.2025 16:06

ABŞ Konqresində müzakirədə olan Müdafiə Büdcəsi layihəsinə əsasən, 2026 və 2027-ci illərdə Ukraynaya hər il 400 milyon dollar olmaqla ümumilikdə 800 milyon dollarlıq hərbi yardım ayrılması planlaşdırılır. Sənəddə, həmçinin, Pentaqonun Ukraynaya kəşfiyyat məlumatlarının verilməsi ilə bağlı Konqresə xüsusi hesabat təqdim etməsi tələb olunur. Digər tərəfdən ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ukraynadan mümkün uzaqlaşmanı istisna etməyib və bunu korrupsiya iddiaları ilə əlaqələndirib. 


Maraqlıdır, bu paralel proseslər -bir tərəfdən yeni maliyyə dəstəyi, digər tərəfdən isə Vaşinqtonun Ukrayna siyasətinə dair ziddiyyətli bəyanatlar , ABŞ -nin Ukrayna strategiyasında hansı istiqamət dəyişikliyindən xəbər verə bilər?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, ABŞ-nin yeni strategiyası Avropa və NATO-da narahatlıq yaradıb: 


"ABŞ-nin yeni administrasiyası milli təhlükəsizlik strategiyasını yeniləyib və ən diqqətçəkən məqam Rusiyanın artıq hədəf-rəqib kimi sənəddən çıxarılmasıdır. Bu dəyişiklik təkcə Ukraynanı deyil, ABŞ-nin əsas müttəfiqi olan Avropanı və NATO-nu da ciddi narahat edir. Vaşinqtonun diqqət mərkəzini Rusiyadan Çinə yönəltməsi fonunda əsas geosiyasi prioritetin Avropadan Hind–Sakit okean hövzəsinə keçəcəyi gözlənilir".

Politoloq qeyd edib ki, ABŞ Rusiyanı Çindən uzaqlaşdırmağa çalışır:

"Yeni strategiyaya əsasən ABŞ Rusiyanı iqtisadi əməkdaşlıq və investisiyalar vasitəsilə Çinin orbitindən çıxarmağa çalışır və bununla da Çini qlobal miqyasda tək qoymaq istəyir. Bu yanaşma isə Ukraynanın maraqlarına uyğun gəlmir. Büdcədə nəzərdə tutulan 400 milyon dollarlıq yardım ABŞ üçün böyük məbləğ deyil və onun real olaraq Ukraynaya veriləcəyi də hələ tam təminat altında deyil. Üstəlik, məhz 28 bəndlik sülh planı gündəmə gələn dövrdə Ukraynada korrupsiya qalmaqallarının önə çıxarılması Kiyevin mövqelərini zəiflətməyə hesablanmış addım kimi təqdim olunur".

Analitik, həmçinin vurğulayıb ki, Tramp administrasiyası Rusiyaya yaxın xətti davam etdirir:


"Bununla yanaşı, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı böyük siyasi qalmaqal yaradıb. "Tomahawk" raketlərinin Ukraynaya verilməsinin əngəllənməsi və Rusiyaya dolayısı tövsiyələrin verilməsi Ukraynaya qarşı açıq xəyanət kimi dəyərləndirilir. Buna baxmayaraq, Tramp bu hadisəni “normal diplomatik proses” adlandıraraq qalmaqalı ört-basdır edib. Bu da ABŞ-nin artıq Rusiyaya uyğunlaşdırılmış siyasət xəttinə üstünlük verdiyini göstərir".

N.Miri sonda əlavə edib ki, bu xətt NATO-da parçalanma riski yaradır:

"Bu kurs Avropa İttifaqının strateji müstəqillik məsələsini daha ciddi gündəmə gətirir və perspektivdə ABŞ–Aİ münasibətlərində gərginliyə, hətta NATO daxilində parçalanma riskinə yol aça bilər. Putinin əsas strategiyası da ABŞ-ni Ukrayna müharibəsindən uzaqlaşdırmaq və Vaşinqtonu Rusiya ilə iqtisadi əməkdaşlıq müstəvisinə çəkməkdir. Hazırkı proseslər bu planın mərhələli şəkildə həyata keçdiyini göstərir".

 Jalə Rövşən

TodayPress TV

tag: Natiq Miri,Politoloq,Ukrayna,Rusiya,Todaypress.tv,