Ukraynanın ABŞ dayağı çökür: Kelloqun gedişi təsadüfdür, yoxsa..?

Təhlil

20.11.2025 18:57

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq 2026-cı ilin yanvarında administrasiyadan ayrılmağı planlaşdırır. Kelloqun vəzifədən getməsi Ukrayna üçün mənfi siqnal kimi qiymətləndirilir, çünki o, Vaşinqtonun Kiyev siyasətinin formalaşdırılmasında və ABŞ–Ukrayna əlaqələrinin koordinasiyasında əsas fiqurlardan biri olub.  Sual yaranır: Kelloqun istefası Vaşinqtonun Ukrayna siyasətinə təsir göstərə bilərmi?



Sözügedən məsələ ilə bağlı TodayPress TV -yə danışan siyasi ekspert Şakir Ağayev bildirib ki, Kelloqun mümkün istefası Vaşinqtonun Ukrayna siyasətindəki daxili ziddiyyətləri daha da aydın göstərir:


"Bəli, belə bir məlumat var ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq 2026-cı ilin yanvarında istefa verməyi planlaşdırır. Biz bilirdik ki, Kelloq ABŞ administrasiyasında Ukraynanın maraqlarının daha fəal müdafiəçilərindən biri idi və Vaşinqtonun Kiyev siyasətinə ciddi təsir göstərirdi. Nəzərə alsaq ki, Kelloqun Ukraynanı müdafiə etməsi, digər nümayəndə Uitkoffun isə Rusiyanın maraqlarını önə çəkməsi uzun müddətdir Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı yekun qərar verməsini ləngidirdi, bu ziddiyyətlər prosesə mane olurdu. Eyni zamanda, Dövlət katibi Rubionun   mövqeyi də bu proseslərin uzanmasında  təsirsiz qalmırdı".

Ekspert qeyd edib ki, ABŞ-nin hazırladığı yeni sülh sənədi Kelloqun istefa qərarına təsir göstərib:


"Son günlər Qərb mətbuatında ABŞ-nin  28 maddədən ibarət yeni sülh çərçivə sənədi hazırladığı barədə məlumatlar yayılıb. Görünür ki, bu sənəd hazırlanarkən Kelloqun yanaşması nəzərə alınmayıb. ABŞ bu layihəni irəli sürərkən həm Ukrayna prezidenti Volodimir Zelenskiyə, həm də Rusiyaya müxtəlif təzyiq üsullarından istifadə edir, lakin təzyiqin əsas hədəfi Ukraynadır. Vaşinqton açıq şəkildə bildirir ki, Zelenski bu təkliflə razılaşmalıdır. Bütün bu məqamlar Kelloqun istefa qərarında özünü göstərib".

"Yeni layihənin mahiyyətinə baxsaq, görünür ki, Ukraynanı müəyyən mənada məğlubiyyətə yaxın şərtlərlə razılaşmağa sövq etməyə çalışırlar".

Ş.Ağayevin qənaətincə, Kelloqun istefası Tramp administrasiyasının Ukrayna siyasətinə ciddi təsir göstərməyəcək: 

"Hesab etmirəm ki, Kelloqun gedişi ABŞ-nin Ukrayna siyasətində böyük dəyişiklik yaradacaq. Trampın əsas məqsədi münaqişənin həllinə nail olmaqdır. Rusiya öz maraqlarında sərt şəkildə dayanır, Zelenski də geri addım atmır. Ortaq nöqtə tapmaq üçün Vaşinqton müəyyən addımlar atır. Qərb mətbuatına baxsaq, eləcə də Dövlət katibi Rubionun “yeni layihə hazırlanır” açıqlamasını nəzərə alsaq, böyük ehtimalla bu sənəd Kelloqun istefasından əvvəl açıqlanacaq. Çünki artıq onun mövqeyi layihəyə təsir göstərə biləcək səviyyədə qəbul edilmir. Kelloqun istefaya getməsi isə Tramp administrasiyasının kursuna ciddi təsir etməyəcək — təsir göstərmişdisə də, bu artıq baş verib". 

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi şərhçi,Ukrayna,ABŞ,Todaypress.tv,