"TVP World", “The Independent”, BBC və “The Guardian” Azərbaycandan nə istəyir?

"TVP World", “The Independent”, BBC və “The Guardian” Azərbaycandan nə istəyir?
03.09.2026 10:49 Təhlil

Qərb mediasının illərdir Cənubi Qafqazda, xüsusən də Azərbaycan və Ermənistan arasında baş verən proseslərə tərəfkeş, birbaşa erməni lobbisinin təsiri altında və birtərəfli mövqedən yanaşması heç kimə sirr deyil.

44 günlük Vətən müharibəsi və ondan sonrakı lokal antiterror tədbirləri dövründə “BBC”, “The Guardian” kimi nəhəng media resurslarının Qarabağda 30 il ərzində davam edən işğalı, dağıdılmış şəhərlərimizi, minlərlə azərbaycanlı məcburi köçkünün faciəsini gözardı edərək, yalnız bir tərəfin “məzlum” obrazını yaratması bunun bariz sübutudur. Bu baxımdan, adıçəkilən media qurumlarının fəaliyyətində sistemli qərəzin olması danılmaz reallıqdır.

Bəs "TVP World", “The Independent”, BBC və “The Guardian” Azərbaycandan nə istəyir?

Son günlər Avropanın dörd fərqli media resursunda – Polşanın “TVP World”, Böyük Britaniyanın “The Independent”, BBC və “The Guardian” nəşrlərində Azərbaycan əleyhinə eyni vaxtda dərc olunan materiallar beynəlxalq informasiya məkanında növbəti məqsədli təzyiq rıçaqının dövrəyə buraxıldığını göstərir. Müxtəlif adlar və fərqli mövzular altında təqdim edilsə də, bu materialların ana xəttində vahid məqsəd dayanır: Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmaq və Bakını müdafiə mövqeyinə çəkmək.

Bu təşkilatların və media nəşrlərinin Azərbaycana qarşı illərdir yürütdüyü ikili standartlar siyasətini unutmaq mümkün deyil. Otuz il ərzində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi kağız üzərində qalanda, bir milyona yaxın azərbaycanlı doğma yurdundan didərgin düşəndə, şəhər və kəndlərimiz yerlə-yeksan ediləndə bu media nəşrləri həmin faciələri görməzdən gəldi. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra həmin qurumların insan hüquqları, söz azadlığı və ya “insani faciə” adı altında yenidən hərəkətə keçməsi təsadüfi sayıla bilməz.

Son dərc olunan yazılara diqqətlə nəzər saldıqda, onların daxilindəki ciddi qərəz və saxtakarlıq dərhal gözə çarpır. “The Independent” nəşri hüquqi faktları açıq-aşkar təhrif edərək ictimai rəyi azdırmağa çalışır. “The Guardian” isə Qarabağ ermənilərindən bəhs edən “The Black Garden” sənədli filminə resenziya həsr edərkən bölgənin 30 illik işğal tarixini, azərbaycanlıların çəkdiyi əzabları və tarixi konteksti tamamilə silib atır. Münaqişəni sanki dünən başlamış kimi təqdim etmək, insan hüquqlarını yalnız bir xalqın mono-etnik baxış bucağından qiymətləndirmək peşəkar jurnalistika deyil, sifarişli təbliğatdır.

BBC və “TVP World”ün materiallarında yer alan iddialar da analoji xarakter daşıyır. Onlar hüquqi müstəvidə araşdırılan cinayət işlərini, dövlət təhlükəsizliyi məsələlərini siyasiləşdirərək Azərbaycanı Qərb auditoriyasına “avtoritar” rejim kimi sırımağa cəhd edirlər. Lakin sual olunur: Niyə bu media resursları Qərbin özündə baş verən kütləvi polis zorakılığını, jurnalistlərin təqib olunmasını və ya Avropa ölkələrindəki insan hüquqları pozuntularını bu dərəcədə intensiv gündəmə gətirmir? Niyə söhbət Azərbaycandan gedəndə dərhal vahid cəbhədən hücum taktikasına əl atılır?

Medianın İnkişafı Agentliyinin və Xarici İşlər Nazirliyinin adekvat reaksiyası, Polşa səfirinin XİN-ə çağırılması dövlətimizin bu cür informasiya təxribatlarına qarşı qətiyyətli mövqeyinin təzahürüdür. Aydın görünür ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, regional nəqliyyat və energetika layihələrində əsas söz sahibinə çevrilməsi Qərbdəki bəzi siyasi və media dairələrini narahat edir.

“TVP World”, “The Independent”, BBC və “The Guardian”ın eyni vaxtda ortaya atdığı bu materiallar ayrı-ayrı jurnalist araşdırmaları deyil, Azərbaycana qarşı yönəlmiş vahid və məqsədli informasiya kampaniyasının tərkib hissəsidir. Lakin 2020-ci ildə hərb meydanında diplomatik və informasiya təzyiqlərini darmadağın edən Azərbaycan bu gün də öz haqlı mövqeyini müdafiə etməyə və beynəlxalq məkanda həqiqətləri diktə etməyə qadirdir.

Qiymət Mahir

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər