Türkiyəli ekspert: "ABŞ müharibənin bitməsi üçün Türkiyəyə məcburdur"

Təhlil

25.11.2025 16:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Cənubi Koreya lideri Li Cje Menlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara Rusiya–Ukrayna müharibəsinin dayandırılması üçün vasitəçilik səylərini fasiləsiz davam etdirir.


Ərdoğanın sözlərinə görə, Türkiyə indiyədək olduğu kimi, tərəflər arasında dialoq platformasının açıq qalması üçün bütün imkanlardan istifadə edir. O əlavə edib ki, son bir həftə ərzində həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslar quraraq mövcud vəziyyəti müzakirə edib.

Maraqlıdır, Ərdoğanın həm Putin, həm də Zelenski ilə təmaslarını intensivləşdirməsi Türkiyənin müharibənin dayandırılması istiqamətində yeni diplomatik təşəbbüs hazırladığı anlamına gəlirmi? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan türkiyəli siyasi anlitik İsmail Cingöz bildirib ki, Ərdoğanın açıqlaması Türkiyənin Ukrayna–Rusiya müharibəsində yeganə effektiv vasitəçi olaraq qalmasını göstərir:  


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Li Cje Menlə keçirdiyi mətbuat konfransında Ukrayna–Rusiya müharibəsinin dayandırılması məqsədilə həm Zelenski, həm də Putinlə danışdığını bəyan etməsi, bir daha göstərir ki, hər iki ölkə ilə birbaşa və yaxşı münasibətlər qura bilən yeganə ölkə Türkiyədir. Çünki müharibə başladığı andan bəri Türkiyə həm Ukrayna, həm də Rusiya ilə dialoqu saxlayan, zaman-zaman vasitəçilik edən ölkə kimi öndə olub".

Onun sözlərinə görə, Türkiyə prosesə ən təsirli töhfə verən vasitəçi ölkə olub:

"Müharibənin ilk həftəsində Ukrayna və Rusiya xarici işlər nazirlərini Antalyada bir araya gətirən Türkiyə, həmin dövrdən etibarən atəşkəs üçün təşəbbüslərə başlamışdı. Sonrakı mərhələdə “Taxıl dəhlizi” sazişləri ilə prosesə müsbət təsir göstərən Ankara, daha sonra əsir mübadilələri üzrə də uğurlu vasitəçilik apararaq beynəlxalq aləmin təqdirini qazanmışdı".

Ekspert vurğulayıb ki, Türkiyə münaqişənin ədalətli həlli üçün ən balanslı və etibarlı aktordur:


"Ukrayna–Rusiya müharibəsinin dayandırılması üçün ABŞ başda olmaqla müxtəlif ölkələr də təşəbbüslər göstərir. Lakin ABŞ və Avropa dövlətləri bu prosesi öz maraqlarına uyğun şəkildə yönləndirməyə çalışırlar. Türkiyə isə yaxşı qonşuluq münasibətlərinə və balanslı siyasətinə söykənərək, problemin ədalətli və qərəzsiz həlli üçün real səylər göstərən yeganə dövlətdir".

Türkiyəli analitik qeyd edib ki, Türkiyə bu günədək sanksiyalara qoşulmadan hər iki tərəflə dialoqu qoruyub:

"Ukrayna–Rusiya müharibəsi başlayandan bəri ABŞ və NATO ölkələri Rusiyaya sanksiya tətbiq etdiyi dövrdə belə, Türkiyə NATO üzvü olmasına baxmayaraq, bu sanksiyalara qoşulmadı və tərəfsizliyini qoruyaraq hər iki tərəflə dialoqu davam etdirə bildi. Bu, onun həm Rusiya, həm Ukrayna ilə strateji münasibətlərə malik olması və Qara dəniz regionunda qonşu dövlət kimi balanslı siyasət yürütməsi ilə bağlıdır. Türkiyənin tərəfsiz mövqeyi dəfələrlə təsdiqlənib və beynəlxalq səviyyədə qəbul olunub".

O həmçinin əlavə edib ki, hazırkı mərhələdə ABŞ-nin də münaqişənin həlli prosesində Türkiyədən istifadə etməyə məcbur qalacağı aydın görünür. Çünki ABŞ Prezidenti Donald Tramp, həm Putinlə, həm də Zelenski ilə apardığı danışıqlarda atəşkəs əldə edə bilməmiş, müharibəni dayandırmaqda uğursuz olub. Bunun əsas səbəblərindən biri Trampın Ukraynanın yeraltı və yerüstü sərvətlərinə, xüsusən də nadir torpaq elementlərinə marağını açıq şəkildə ifadə etməsi idi.

Şərhçi eyni zamanda diqqətə çatdırıb ki, Trampın resurs marağı və Putinin mövqeyi ABŞ–Rusiya arasında müəyyən yaxınlaşma siqnalları yaradıb:


"Hətta əvvəlki prezident Cozef Baydenin dövründə Ukraynaya göstərilən yardımların qaytarılmalı olduğunu deyən Tramp, Ukraynanın hazırda işğal altında olan ərazilərindəki nadir torpaq elementləri və digər mədənlərin ABŞ tərəfindən işlədilə biləcəyini dəfələrlə vurğulamışdı. Putin də bu mövzuda ABŞ-ni öz tərəfinə çəkməyə çalışmış və tərəflər arasında müəyyən əməkdaşlıq siqnalları yaranmışdı".

Ekspertin fikrincə, ABŞ isə nadir torpaq elementləri və bu elementlərdən hazırlanan yüksək texnoloji məhsullar sahəsində Çindən asılılığını azaltmaq məqsədilə Ukraynanın zəngin resurslarına çıxış əldə etmək istəyir. Məhz buna görə də ABŞ bu məsələdə neytrallığını tam itirmiş vəziyyətdədir.

İ.Cingöz vurğulayıb ki, ABŞ-nin dəstəyi olmadan nə Ukrayna, nə də Avropa bu müharibəni uzun müddət aparmağa qadir deyil:


"Tramp 28 maddəlik atəşkəs planını təqdim edərkən Zelenski bu şərtləri qəbul etməyəcəyi təqdirdə Ukraynaya yardımı kəsəcəkləri ilə belə hədələyib. ABŞ olmadan Ukraynanın müharibəni davam etdirməsi mümkün deyil. Eyni zamanda Avropa ölkələri də Ukraynanın müdafiəsini əsasən ABŞ silahları və resursları ilə təmin edə bildikləri üçün Vaşinqtonsuz bu dəstəyi uzun müddət davam etdirə bilməzlər".

Onun qənaətincə, enerji və iqtisadi təzyiq Avropanı müharibənin tez bitməsini istəməyə məcbur edir:

"Digər tərəfdən, xüsusən təbii qaz olmaqla enerji baxımından Rusiyadan asılı olan Avropa ölkələri də prosesi daha çox uzatmaq iqtidarında deyillər. Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində Amerika enerji resurslarını daha baha qiymətə almağa məcbur olan Avropa iqtisadi cəhətdən tükənir və ciddi böhran təhlükəsi ilə üz-üzədir. Bu vəziyyət göstərir ki, Avropa ölkələri də pərdəarxasından bu müharibənin tezliklə bitməsi üçün müəyyən addımlar atır".

Analitik sonda qeyd edib ki, bəyanatlar fərqli olsa da, əməllər daha real mənzərə ortaya qoyur. Türkiyənin mövqeyi isə ilk gündən etibarlı və sabitdir: müharibənin ədalətli və balanslaşdırılmış bir atəşkəs və barış razılaşması ilə başa çatdırılması. Bu səbəbdən, yaxın gələcəkdə bu prosesə ədalətli vasitəçilik edə biləcək yeganə ölkənin yenə Türkiyə olması çox böyük ehtimal kimi görünür. 

Jalə Rövşən

TodayPress TV

tag: İsmail Cingöz,Ekspert,ABŞ,Türkiyə,Todaypress.tv,