Bakının ən gözəl prospektini eybəcər günə salacaqlar - Məşhur memar etiraz etdi
Bakının Montin rayonunda Bağırov körpüsünün üzərində inşa olunması nəzərdə tutulan 33 mərtəbəli hündürmərtəbəli bina layihəsi memar Elçin Əliyevin tənqidinə səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

E. Əliyev bildirib ki, internetdə Türkiyənin “ASLI Partners” memarlıq və dizayn şirkətinin memarları Aslı Karaaslan Özcan və Hüseyn Tonguç Özcan tərəfindən layihələndirilmiş 33 mərtəbəli bina ilə bağlı görüntüyə rast gəlib.
Memar layihəni uzun illər pedaqoji təcrübəsi olan müəllim kimi birinci kurs tələbələrinin işlərinə bənzədib. Onun sözlərinə görə, dalğavari eyvanlar, yaşıllaşdırılmış terraslar, həcmdə qırılmalar və qabardılmış karkas kimi üsullar ayrı-ayrılıqda dəfələrlə istifadə olunub, lakin burada həmin üsullar mexaniki şəkildə bir nəhəng həcmdə birləşdirilib.
“Tarixi “Saatlı ev”in yanında daha bir nəhəng monstr. Onun memarlığı, məncə, bu nüfuzlu məkana həqiqətən müasir və layiq olan nəsə təklif etməkdənsə, yaxın keçmişin çoxdan məlum üsullarını təkrarlayır”, – deyə o qeyd edib.
Memar, belə layihələrin paytaxtın əsas magistrallarının simasını onilliklər boyu dəyişə biləcəyini bildirərək onların geniş peşəkar müzakirə aparılmadan necə ortaya çıxdığını sual edib. O, həmçinin Türkiyədə fəaliyyət göstərən şirkətin Bakının nüfuzlu ərazilərində müxtəlif obyekt və binaları layihələndirmək üçün bu imkanı necə əldə etdiyini soruşub.
E. Əliyev layihənin şəhər infrastrukturuna mümkün təsirləri ilə bağlı da suallar ünvanlayıb. O, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların sayı, avtomobillərlə əlavə səfərlər, yolların buraxılış qabiliyyəti, parklanma yerləri, mühəndis şəbəkələri və yaşıl zonaların mövcudluğunun hesablanıb-hesablanmadığını soruşub:
“Bu ərazidən istifadə edəcək daha bir neçə min insanın peyda olmasından sonra rayonda nələrin baş verəcəyinə dair dolğun şəhərsalma təhlili aparılırmı? Əlbəttə ki, yox!”.
Onun sözlərinə görə, son onilliklər ərzində fəal şəkildə formalaşdırılan Heydər Əliyev prospekti memardan Montin rayonunun miqyasını, silueti, prospektin perspektivini, mövcud binaları və məkanın vizual iyerarxiyasını anlamağı tələb edir.
“Lakin indi hətta burada, bu prospektdə də məkanın inkişafının əsas meyarına şəhərsalma ideyası deyil, kvadratmetrlərin sayı çevrilir. Şəhərsalma ideyasını isə Əlahəzrət Gəlir dəfn edib”, - deyə Elçin Əliyev fikrini yekunlaşdırıb.
Aysel Mətləb