Tramp administrasiyasının ölkədən qovduğu konqresmen kimdir?

Tramp administrasiyasının ölkədən qovduğu konqresmen kimdir?
16.10.2026 18:34 Təhlil

Ağ Evin mətbuat katibi Keti Zakaria ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Minnesota ştatından demokrat İlhan Ömərin deportasiya olunması ehtimalı ilə bağlı KİV-də yayılan məlumatları şərh etməkdən imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Fox News" telekanalının efirində ABŞ administrasiyasının Ömərin Amerika vətəndaşlığından məhrum edilməsinə və deportasiyasına nail olmağa çalışıb-çalışmadığı ilə bağlı suala cavabında danışıb.

“İctimaiyyətə açıq olan məlumatlara əsasən, araşdırma aparılır və bu işlə Ədliyyə Nazirliyi məşğul olur. Prezident bundan xəbərdardır və bu barədə danışıb. Lakin bu, Ədliyyə Nazirliyinin işidir”, – deyə Zakaria bildirib.

O, təfərrüatları açıqlamayıb və bu məsələ ilə bağlı bütün sualların Ədliyyə Nazirliyinə, eyni zamanda qurumun rəhbəri, ABŞ-nin Baş prokuroru Todd Blanşa ünvanlanmalı olduğunu əlavə edib.

Bundan əvvəl “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ömərlə bağlı araşdırma aparır və məqsəd onu vətəndaşlıqdan məhrum etmək, sonradan deportasiya etmək üçün sübutlar toplamaqdır. Qəzetin mənbələrinin məlumatına görə, müstəntiqlər Ömərin və ailə üzvlərinin 1995-ci ildə Somalidən ABŞ-yə gəldikdən sonra Amerika vətəndaşlığını əldə etmələri ilə bağlı halları yoxlayırlar.

Oktyabrın 12-də ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları ölkənin paytaxtında qanunvericinin evində axtarış aparıblar. Daha sonra Ədliyyə Nazirliyi axtarışın araşdırma çərçivəsində və məhkəmənin icazəsi ilə həyata keçirildiyini bildirib. Qanunverici Tramp administrasiyasını siyasi rəqiblərini qorxutmağa cəhd göstərməkdə ittiham edib və axtarışı federal hüquq-mühafizə orqanlarından silah kimi istifadənin nümunəsi adlandırıb.

Ömər qarşıdan gələn ABŞ qanunverici orqanına seçkilərdə Konqresin aşağı palatasına yenidən seçilməyə çalışır. ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda hər iki palata Respublikaçılar Partiyasının nəzarəti altındadır.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər